Yuxarı

​"Access Bank"da problemli kreditlərin həcmi artıb - YENİLƏNİB

Bu ilin I rübündə Bank valyuta əməliyyatlarından ciddi zərər edib

Bakı. 14 aprel. REPORT.AZ/ "Access Bank" QSC-nin problemli kreditlərinin həcmi 2015-ci ilin ilk rübündə 58,4% artaraq aprel ayının 1-nə 12,04 mln. manata çatıb.

"Report"un Bankın baş ofisə istinadən verdiyi xəbərə görə, əgər bu ilin əvvəlinə problemli kreditlərin ümumi kredit portfelində payı 0,92% olubsa, I rübün sonuna bu göstərici 1,3%-ə yüksəlib.

Qeyd edək ki, "Access Bank" cari ilin ilk rübündə xalis zərəri 2,346 mln. manat təşkil edib. Müqayisə üçün bildirək ki, 2014-cü ilin IV rübünü Bank 8,334 mln. manat xalis mənfəətlə başa vurub, ötən il orta rüblük xalis mənfəəti isə 10,109 mln. manata bərabər olub.

Bankın rüblük hesabatına əsasən, Bank 2015-ci ilin yanvar-mart aylarında məzənnə dəyişməsi də daxil olmaqla valyuta əməliyyatlarından ümumilikdə 5,06 mln. manat zərər edib. Ötən ilin yekununda isə Bank əksinə, bu əməliyyatlardan 887 min manat gəlir əldə edib.

Xatırladaq ki, Bankın yaydığı ilkin məlumata əsasən, I rübdə problemli kreditlərinin həcmi 6,5 dəfə artaraq 49,5 mln. manata, bu kreditlərin ümumi kredit portfelində payı isə 5,35%-ə çatıb. Lakin bu gün "Access Bank" ilkin rəqəmlərinə dəyişikliklər edib.

Qeyd edək ki, "Report" agentliyi ilkin xəbəri sayta saat 10:37-də yerləşdirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi