Yuxarı

​ABŞ maye qaz ixracına başlayıb

2014-cü ildə ABŞ qaz hasilatının 48%-ni şist qaz təşkil edib

Bakı. 25 fevral. REPORT.AZ/ ABŞ uzun müddətdən sonra yenidən maye qaz (LNG) ixracatına başlayıb. ABŞ-ın Hyuston şəhərində "İHS CERAWeek 2016" konfransında çıxış edən "Cheniere Energy" Marketinq departamentinin müdiri Meg Gentle bildirib ki, şirkətin ilk LNG ixracatı Luiziana ştatındakı maye qaz müəssisəsindən Braziliyaya yola düşüb. O, nəql edilən xammal üçün "qlobal qaz bazarını dəyişəcək gəmi" bənzətməsini qeyd edib və ABŞ-ın dünyada ən ucuz maya dəyəri ilə LNG istehsalını həyata keçirdiyini vurğulayıb. M.Gentle 2020-ci ilə qədər ABŞ-ın dünyanın ilk 3 ixracatçı ölkəsindən biri olacağını söyləyib.

ABŞ-ın energetika naziri Ernest Moniz konfransdakı çıxışında "Cheniere Energy"nin fəaliyyətinin önəmli bir dönüş günü olduğunu bildirib. O, şist qaz hasilatının qlobal qaz bazarındakı vəziyyəti dəyişdirəcəyinə inandığını deyib. ABŞ-ın şist qaz hasilatını inkişaf etdirməsiylə xaricdən bu seqmentdə asılılığını azaltdığını qeyd edən nazir artıq ölkəsinin idxaldan azad olduğunu sözlərinə əlavə edib.

E.Moniz "Anadolu" agenliyinin Avropanın enerji və qaz təhlükəsizliyi haqqında sualını belə cavablandırıb: "ABŞ hökuməti olaraq LNG ixrac edən özəl şirkətlərin işinə qarışa bilmərik. Amma Cənub Qaz Dəhlizi və Şərqi Aralıq dənizindən gələn təbii qaz mənbələrini dəstəkləyirik. Bunların sayəsində Avropanın qaz mənbələri çeşidlənəcək. ABŞ qazı da bu prosesdə öz rolunu oynayacaq".

ABŞ Enerji İnformasiyaları Agentliyinin hesabatına görə, ABŞ-ın məcmu qaz hasilatı 2007-ci ildəki 546 mlrd. kubmetrdən 33% artaraq 2014-cü ildə 727 mlrd. kubmetrə yüksəlib. Maraqlısı budur ki, bu dövrdə şist qaz hasilatı 36 mlrd. kubmetrdən 10 dəfədən də çox artaraq 380 mlrd. kubmetrə çatıb. ABŞ-da 2014-cü ildə hasil olunan qazın 48%-ni şist qaz təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi