Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ iqtisadiyyatı 2017-ci ilin ilk rübündə 0,7% artım göstərib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu, son 3 ilin ən yavaş iqtisadi artım tempi olub. Bununla yanaşı, ilk rübdə istehlakçı xərcləri də son 8 ilin minimal səviyyəsinə enib. ABŞ Ticarət Nazirliyi tərəfindən verilən məlumata əsasən, 2016-cı ilin son rübündə 2,1% artan ölkə iqtisadiyyatı ilk rübdə ciddi yavaşlama göstərib.
Qeyd edək ki, analitiklər ilk rübdə ABŞ-da iqtisadi artımın 1% olacağını proqnozlaşdırıblar. İstehlakçı xərclərində artım isə 0,3% təşkil edib. İstehlakçılar əsasən avtomobil, yanacaq və geyim xərclərini azaldıblar.
Xatırladaq ki, may ayının 2-3-də ABŞ Federal Ehtiyat Sistemi (FED) növbəti iclasını keçirəcək. İclasda uçot dərəcəsinin artırılması gözlənilmir. "Report"un analitik qrupu bildirir ki, əgər iqtisadi göstəricilər zəifləməyə davam edərsə, iyun iclasında uçot dərəcəsi artırılmaya bilər.