Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) törəmə müəssisəsi olan "Beynəlxalq Sığorta Şirkəti" ASC-nin (BSŞ) fəaliyyətinə xitam verilməsinin səbəbini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev məlumat verib.
Onun sözlərinə görə, BSŞ-nin maliyyə göstəriciləri təsisçini qane etmir. Buna görə də şirkətin bazardan kənarlaşdırılması məsələsinin səhmdarlarla müzakirə edilməsinə qərar verilib.
Qeyd edək ki, oktyabrın 12-də ABB-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə BSŞ-nin fəaliyyətinə xitam verilməsi haqqında məsələ daxildir.
Xatırladaq ki, BSŞ 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,8 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 min manat olan 1 480 səhm əsasında formalaşıb. Səhmlər 100% ABB-yə məxsusdur.