Yuxarı

​"ABB-Moskva" və Rusiya Sənaye və Ticarət Nazirliyi arasında əməkdaşlıq sazişi imzalanıb

Sənəd sənaye subyektləri ilə bağlı investisiya layihələrinin maliyyələşdirilməsini nəzərdə tutur

Bakı. 20 noyabr. REPORT.AZ/ Moskva şəhərində Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə qurumu olan "ABB-Moskva" Bankı İdarə Heyətinin sədri Fuad Abdullayev və Rusiya sənaye və ticarət nazirinin birinci müavini Qleb Nikitinin iştirakı ilə əməkdaşlıq sazişi imzalanıb.

"Report"un ABB-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, sənəd sənaye subyektləri, eləcə də sənaye istehsalı və infrastrukturun yaradılması və inkişaf etdirilməsini hədəf götürən investisiya layihələrinin maliyyələşdirilməsi, kreditləşdirilməsi işində qarşılıqlı əməkdaşlığı nəzərdə tutur. Sazişdə yer alan müddəalar, həmçinin Rusiya hökuməti dövlət proqramları çərçivəsində subsidiyalara görə müraciət edən şirkətlər üçün maliyyə məbləğinin artırılması və kreditlər üzrə xərclərin azaldılmasına imkan verəcək.

Q.Nikitin "ABB-Moskva" tərəfindən Rusiyanın sənaye layihələrinin maliyyələşdirilməsinin təmin edilməsi üçün yeni imkanlar yaradıldığını yüksək qiymətləndirib. Qeyd edilib ki, bağlanan saziş iki təşkilat arasında əməkdaşlığın coğrafiyasının genişlənməsinə, yerli şirkətlərin xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsində "ABB-Moskva"nın iştirakı Rusiya və Azərbaycan arasında qarşılıqlı faydalı əlaqələrin gələcək inkişafına kömək edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi