Yuxarı

​ABB: Bankın xərclərinin minimallaşdırılmasına ehtiyac var

ABB-nin İdarə Heyətinin sədri Elmar Məmmədov: Bankda sağlam inkişafa xidmət edən müəyyən islahatlar aparılacaq

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) kredit, borclanma, kadr siyasətinin təkmilləşdirilməsi, habelə vaxtilə verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması üçün təsirli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. "Report"un verdiyi xəbərə görə, bu barədə ABB-nin İdarə Heyətinin sədri Elmar Məmmədovun bankın yaydığı müsahibəsində bildirilir. 

Onun sözlərinə görə, bu vəzifələrin yerinə yetirilməsindən ötrü Bankda müəyyən struktur islahatlarının aparılması, korporativ idarəetmə sisteminin müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilməsi, aktivlərin və passivlərin idarə edilməsi üzrə strategiyanın hazırlanması, kadr siyasətinə yenidən baxılması və səriştəli mütəxəssislərin Banka cəlb olunması və s. addımların atılması zəruridir: "Bu baxımdan, Bankda sağlam inkişafa xidmət edən müəyyən islahatlar aparılacaq. Bundan başqa, kredit növlərinə və məhsullarına yenidən baxılmasına, Bankın xərclərinin minimallaşdırılmasına ehtiyac var. Burada təkcə maliyyə resurslarının cəlb edilməsi üzrə xərclər deyil, Bankın digər fəaliyyət sahələri üzrə xərcləri də nəzərdə tutulur".

E.Məmmədov həmçinin bildirib ki, ABB-nin xidmət şəbəkəsinin optimallaşdırılması, xidmət ofislərinin həm ərazi-coğrafi baxımdan, həm real müştəri potensialı baxımından daha səmərəli şəkildə yerləşdirilməsi də planlara daxildir və bu istiqamətdə müəyyən addımlar atıla bilər.

Bundan başqa, sədr qeyd edib ki, ABB xarici tərəfdaşlarla münasibətlərin davam etdirilməsində maraqlıdır və hazırda ikitərəfli görüşlər keçirilərək gələcək əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilir.

Onun sözlərinə görə, İdarə Heyətinin əsas missiyası özünün səlahiyyət müddətində - dörd il ərzində Bankın institusional inkişafı ilə məşğul olmaqdır: "Bu müddətdə cəlb olunan resursların, eləcə də verilən kreditlərin faiz dərəcələrinin mümkün qədər aşağı salınması ilə Bankın maliyyə dayanıqlığı gücləndiriləcək. Bankın maliyyə resurslarının idarə edilməsi üzərində nəzarət artırılacaq. Problemli aktivlərin Bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi də maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi məqsədinə əsaslanır".

O həmçinin Bankda əmanəti olan müştərilərin narahatlığına heç bir əsas olmadığını bildirib: "İndiki mərhələdə söhbət Bankın özəlləşdirilməsindən deyil, dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsindən gedir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi