Yuxarı

ABA bankların mənfəət vergisindən azad edilməsinin əleyhinədir

Zakir Nuriyev: Hazırkı mərhələdə bank qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac var

Bakı. 24 noyabr. REPORT.AZ/ Hazırkı mərhələdə Azərbaycan bank sektorunun mənfəət vergisindən azad edilməsi doğru olmaz. "Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib: "Bank sektorunun mənfəət vergisindən azad olmasının qaytarılması hazırda doğru olmaz. Bu cür mənfəət vergisi üzrə tətillərin verilməsi müsbət haldır. Lakin eyni zamanda büdcə gəlirləri də təmin edilməlidir. Ona görə də belə bir vaxtda bu vergidən azadedilmə doğru olmaz".

Onun sözlərinə görə, hazırda daha çox bankların fəaliyyətinin inkişafına dəstək olan qanunvericilik aktlarına ehtiyac var: "Hazırda bank sektoru 5-10 il əvvəlki səviyyədə deyil. Bank aktivlərinin ümumi həcmi 30 mlrd. manata yaxınlaşır. Yəni Dövlət Neft Fondundan büdcəyə transfertləri çıxmaqla büdcəni 5-6 dəfə üstələyən bir sektordur. Bu, ciddi iqtisadi münasibətlərin tərkib hissəsidir".

"Hazırkı mərhələdə bank qanunvericiliyinin təkmilləşdirilməsi, zəruri qanun layihələrinin qəbulu və tətbiqinə, həyata keçirilməsinə ehtiyac var. Bu məsələlər olarsa, iqtisadiyyatın maliyyələşməsi də sürətlənər. Biz növbəti illərdə bank sektorunun daha aktiv fəaliyyəti və bu günə qədər əldə etdiyi uğurların tənzimlənməsini qarşıya məqsəd qoyuruqsa, o zaman qanunvericilik aktlarının daha sürətlə qəbulu zəruridir", - ABA prezidenti vurğulayıb.

Onun sözlərinə görə, bank və qeyri-bank kredit təşkilatları bütün əhalini əhatə edən müvafiq struktur və kanallara sahib olsa da, qanunvericilik bazası inkişaf etdirilmədən və təkmilləşdirilmədən həmin platformanın tam şəkildə istifadəçilərə çatdırılması mümkün deyil.

"Hazırkı mərhələdə iqtisadiyyatda gedən ağır proseslərin bank sektoruna təsirini minimuma endirmək üçün birmənalı şəkildə girov mexanizmlərindən çox aktiv istifadə etməsi, müştərinin məlumatlar sisteminə sahib olması zəruridir. Hər bir müştəri haqqında bazada yetərli məlumat olmasa, sektorun maliyyələşməsini həyata keçirə bilmərik. Bu günə qədər "Fərdi məlumatlar haqqında" qanun layihəsinə müvafiq dəyişikliklər edilməyib. Özəl kredit reyestrlərinin yaradılması və mövcud olan kredit reyestrinin strukturu, səlahiyyətlərinin təkmilləşdirilməsi üzrə qanun layihələrinə dəyişiklik həyata keçirilmir. "İpoteka haqqında" qanuna dəyişikliklər ləngiyirsə, eyni zamanda, digər fəaliyyətə maneə törədən amillər davam etməkdədirsə, sürətli kreditləşmədən danışa bilmərik. Qısa zamanda qanunvericiliyə müvafiq dəyişikliklər edilməlidir", - Z.Nuriyev bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi