Bakı. 13 noyabr. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Zazalı-Gəncə mənzilində 8 km-lik yolun təmirinə start verilib.
"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, eyni zamanda 3 ədəd yoldəyişən qurğunun təzələnməsi həyata keçirilir.
Beş gün davam edəcək əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədi ilə, ADY ilə Çexiyanın “MORAVİA STEEL” şirkəti arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə qədər 400 km dəmir yolu xətti əsaslı təmir olunub.
