Yuri Yakovlev: "Bank ilin sonuna kimi problemlərini həll edəcək"

Yuri Yakovlev: "Bank ilin sonuna kimi problemlərini həll edəcək" "Bank VTB (Azerbaijan)" yenidən kreditlərin verilməsinə başlayır
Maliyyə
9 İyun , 2016 15:07
Yuri Yakovlev: Bank ilin sonuna kimi problemlərini həll edəcək

Bakı. 9 iyun. REPORT.AZ/ "Bu ilin birinci rübündə bankımızın problemi kreditləri artıb və hazırda problemə çevrilmiş portfellə işləməyə hədəflənmişik". 

"Report"un verdiyi xəbərə görə, bunu "Bank VTB (Azerbaijan)" ASC-nin İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

"İkinci devalvasiyadan sonra Azərbaycanda bütün banklar bu problemlə üzləşib. Bir neçə restrukturizasiya proqramı istifadəyə verdik. Problemimiz ondan ibarətdir ki, kredit portfelinin əsas hissəsi dollarda olub, bu da fəaliyyətimizə ciddi təsir edib. Ümidvaram ki, yaxın aylar ərzində portfelin vəziyyətini stabilləşdirəcəyik. Artıq kredit verilməsinə başlayırıq, resurslarımız var. Korporativ portfeldə isə problemli kreditlər azdır. Yaxın günlərdə statistikanı yayımlayacağıq", - deyə sədr qeyd edib.

Y.Yakovlev bildirib ki, Bank likvidlik çatışmazlığı problemli ilə üzləşməyib: "Birincisi, Bankın MDB-də və dünyada avtoriteti yüksəkdir. Ona görə əmanətlərlə bağlı problem olmayıb. Bir sıra bankların üzləşdiyi ciddi likvidlik çatışmazlığı "Bank VTB (Azerbaijan)"da olmayıb. Bizim səhmdarlardan biri Rusiya dövlət bankıdır ki, istənilən vaxt lazımi köməyi etməyə, resursla təmin etməyə hazırdır. Əmanətçilərimiz, müştərilərimiz əmin olmalıdır ki, Bank öhdəliklərini yerinə yetirəcək".

İdarə Heyətinin sədri əlavə edib ki, kreditləşmə Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına uğun olaraq həyata keçiriləcək: "Kredit faizləri bazardakı resursların dəyərindən asılıdır. İstehlak kreditləri üzrə bu, hazırda 20%-dən yüksəkdir. Şirkətlər üçün manatla böyük həcmdə vəsaitlər əlçatan deyil. Lakin Mərkəzi Bank və Palata bildirir ki, yaxın vaxtlarda sağlam banklara likvidliklə bağlı yardım göstərəcək. Ümid edirik ki, bu siyahıda "Bank VTB (Azerbaijan)" da qalacaq".

"Ümid edirəm ki, bankın qarşılaşdığı problemləri ilin sonuna kimi tam aradan qaldıracağıq. Gələn ilə yeni səhifədən başlayacağıq və yaxşı gəlirlə işləyəcəyik", - deyə Y.Yakovlev bildirib.

Son xəbərlər

Orphus sistemi