Yuanın BVF-nin valyuta səbətində payı 10,92% olacaq

Yuanın BVF-nin valyuta səbətində payı 10,92% olacaq ABŞ dolları 41,73%, avro 30,93%, yen 8,33%, funt sterlinq isə 8,09% paya malik olacaq
Maliyyə
1 Dekabr , 2015 15:13
Yuanın BVF-nin valyuta səbətində payı 10,92% olacaq

Bakı. 1 dekabr. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib olan Çinin milli valyutası - yuanı beynəlxalq ehtiyat valyutaları səbətinə daxil edib. Bununla da Fond yuanın gələcəkdə beynəlxalq bazarlara tam inteqrasiyasına imkan yaradıb.

Qeyd edək ki, BVF-nin yuanla bağlı bu qərarı 2016-cı il oktyabr ayında qüvvəyə minəcək. Beləliklə, yuanın valyuta səbətində payı 10,92%-lə üçüncü sırada olacaq. O, daha çox avronun səbətdəki payından alacaq. Bundan sonra avronun səbətdə payı 37,4%-dən 30,93%-ə enəcək. Ən çox pay isə yenə də dollara məxsusdur - 41,73%. Yapon yeninin payı 8,33%, funt sterlinqin payı isə 8,09% olacaq.

Noyabrın ortalarında BVF rəhbəri K.Laqard və Fonddakı ekspertlər yuanı ehtiyat valyuta səbətinə daxil etmək istədiklərini bildirərkən bunun iki əsas səbəblə izah ediblər. Birincisi, yuanın beynəlxalq ticarətdə oynadığı mühüm rol, ikincisi isə sərbəst dövriyyə xüsusiyyətinə malik olmasıdır. Bir sıra nüfuzlu iqtisadçılar ikinci səbəbi bir qədər mübahisəli sayırlar. Qeyd edək ki, mərkəzi banklar tərəfindən ehtiyat valyuta kimi istifadə və maliyyə bazarlarında borclanma aləti kimi göstəricilərə baxdıqda yuan valyuta səbətinə daxil olmayan Avstraliya və Kanada dollarlarından geri qalır. BVF-nin iyul monitorinqinə əsasən, yuan, beynəlxalq rəsmi ehtiyatlarda 1,1% paya sahibdir. Bu göstərici üzrə liderlik 63,7%-lə ABŞ dollarındadır. SWIFT beynəlxalq sisteminin məlumatına görə isə yuanın avqust ayından etibarən beynəlxalq ödənişlərdə payı 2,79%-ə yüksəlib. Bununla da yuan beynəlxalq köçürmələrdə ilk dəfə yapon yenini üstələyərək dollar, avro və funt sterlinqdən sonra dördüncü olub.

"Report"un "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, dünən, noyabrın 30-da ABŞ-da "Bloomberg" agentliyinin sahibi Maykl Blumberqin rəhbərliyi altında işçi qrupu yaradılıb. İşçi qrupunun vəzifəsi yuanın ABŞ şirkətləri tərəfindən hesablaşmalarda istifadə olunması, Çinlə tranzaksiya xərclərinin azaldılması və işgüzar əlaqələrin möhkəmlənməsi olacaq. İşçi qrupuna ABŞ-ın Maliyyə Nazirliyi, ABŞ və Çinin aparıcı bankları daxil edilib.

Son xəbərlər

Orphus sistemi