Bakı. 6 iyul. REPORT.AZ/ Vergilər Nazirliyinin Çağrı Mərkəzində “Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəstək” tvinninq layihəsinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə “Report”a Nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Layihənin Azərbaycan tərəfindən rəhbəri, vergilər nazirinin müşaviri Elçin Məmmədov bildirib ki, Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planında müəyyən edilmiş prioritetlərə əsasən, vergi orqanlarında müasirləşmənin, sadələşmənin və informasiya-kommunikasiya texnologiyalarından istifadənin davam etdirilməsi nəzərdə tutulub. Onun fikrincə, yeni tvinninq layihəsinin icrasına başlanılması Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasındakı səmərəli əməkdaşlığın real nəticəsidir: “Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə vergi ödəyiciləri ilə səmərəli əməkdaşlığın qurulmasında və çevik vergi inzibatçılığının həyata keçirilməsində irəliyə doğru növbəti mühüm addımdır. Layihənin məqsədi vergi orqanları tərəfindən vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsi, onların səmərəliliyin təmin edilməsi, xidmətlərə olan tələbatın müəyyən olunması, davamlı inkişaf üçün Avropa İttifaqının qabaqcıl təcrübələrinin tətbiqidir”.
Qurumun açıqlamasına görə, IOTA tərəfindən dəvət edilmiş ekspertin və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hazırlanmış tvinninq layihəsi bu sahədə mövcud vəziyyəti və gözlənilən nəticəni özündə əks etdirir. Elan olunmuş tenderdə İspaniya və Fransanın birgə təklifi qalib gəlib. Ümumi müddəti 27 ay, büdcəsi isə 1,3 mln. avro məbləğində müəyyən olunan layihə 4 əsas komponentdən ibarətdir.
Onlar Vergi ödəyicilərinə xidmət prosesləri üzrə davamlı İnkişaf Proqramının yaradılması, Xidmətlərə tələbatın müəyyənləşdirilməsi və idarə olunması, Vergi ödəyicilərinə göstərilən xidmətlərin əsas fəaliyyət göstəricilərinin müəyyən edilməsi və mövcüd göstəricilərinin təkmilləşdirilməsi və Qabaqcıl metodologiyalara əsaslanaraq bütün xidmət kanalları üzrə səmərəliliyin artırılması üçün məlumatların təhlili mexanizmlərinin yaradılmasıdır.
Azərbaycanda olan İspaniya və Fransanın vergi administrasiyalarının mütəxəssisləri, eləcə də Aİ-nin ekspertləri qısamüddətli missiyalar çərçivəsində layihənin icrası üzərində Vergilər Nazirliyinin əməkdaşları ilə birgə çalışacaqlar. Azərbaycanın vergi orqanı həmin ölkələrin vergi administrasiyalarının ən yaxşı təcrübələrini ətraflı şəkildə öyrənəcək, yenilikləri tətbiq edəcək. Layihəyə əsasən, Vergilər Nazirliyinin və layihədə iştirak edən digər qurumların üzvlərinin Aİ ölkələrinə təlim səfərlərinin təşkili, treninqlər, seminarlar, tədris, təlim kursları, təcrübə mübadiləsi nəzərdə tutulur.