Bakı. 21 sentyabr. REPORT.AZ/ Yaponiya Mərkəzi Bankı (BoJ) pul-kredit siyasətini dəyişdirməyib. "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, BoJ iclasın yekunlarına dair açıqlamasında sabit iqtisadi artım fonunda əlavə stimullaşdırıcı dəstək olmadan inflyasiyanın 2% hədəfinə yaxınlaşacağını proqnozlaşdırdığını bildirib.
Bununla yanaşı, BoJ kommersiya banklarının depozitləri üzrə faiz dərəcəsini dəyişməyərək -0,1% səviyyəsində təsdiq edib. 10 illik dövlət istiqrazlarının hədəf gəlirliliyi isə 0% səviyyəsində sabit saxlanılıb. İqtisadiyyatın stimullaşdırılması üçün BoJ-un maliyyə aktivlərinin alınmasına ödədiyi illik vəsaitin həcmi də dəyişməyərək 80 trln. yen (715 mlrd. dollar) səviyyəsində qalıb.
"Bloomberg" agentliyinin analitiklərinin açıqlamalarında monetar siyasətin 2018-ci ilin aprel ayına qədər dəyişməyəcəyi bildirilib. Baxmayaraq ki, BoJ-un balansı ÜDM-in həcminə yaxınlaşıb və digər mərkəzi banklardan fərqli olaraq BoJ monetar stimullaşdırmanı davam etdirə bilər.