Azərbaycan və Yaponiya ikiqat vergitutmanı aradan qaldırır

Azərbaycan və Yaponiya ikiqat vergitutmanı aradan qaldırır Konvensiya layihəsi üzərində iş davam edəcək
Maliyyə
16 Fevral , 2021 13:29
Azərbaycan və Yaponiya ikiqat vergitutmanı aradan qaldırır

Son illər ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Azərbaycanın imzaladığı 55 sazişdən 54-ü artıq qüvvəyə minib, qalan 1 saziş isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, iqtisadi və ticarət əlaqələrinin sürətlə genişlənməsi mövcud sazişlər şəbəkəsinin daha da genişləndirilməsini və yeni tərəfdaşları əhatə etməsini obyektiv zərurətə çevirir. Hazırda bu istiqamətdə sistemli iş aparılır.

Qüvvədə olan sazişlərdən biri Azərbaycan və Yaponiyanın Xarici İşlər Nazirlikləri arasında 2005-ci il mayın 30-da mübadilə edilmiş, ölkəmizin 1 aprel 2008-ci il tarixli qanunu ilə təsdiq edilmiş notalara müvafiq olaraq Yaponiya ilə SSRİ arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyadır. Sənəd Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərdə tətbiq edilir.

SSRİ ilə Yaponiya arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyanın 18 yanvar 1986-cı ildə imzalandığını və həmin tarixdən bu günə qədər beynəlxalq vergitutmada əhəmiyyətli dəyişikliklərin baş verdiyini nəzərə alaraq, Azərbaycanın gəlirə və əmlaka münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında nümunəvi Konvensiya layihəsi Yaponiya tərəfinə diplomatik kanallar vasitəsilə hələ 2019-cu ildə təqdim olunmuşdu.

Ölkələrimiz arasında yeni Konvensiyanın bağlanması həm Yaponiya, həm də Azərbaycan sərmayəçilərinə əlverişli şəraitin yaradılması, xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük əhəmiyyət kəsb edəcək. Eyni zamanda, Konvensiya layihəsi hər iki ölkənin vergi orqanları arasında vergilərdən yayınmanın qarşısının alınması sahəsində əməkdaşlıq və məlumat mübadiləsinin təşkil edilməsini təmin edəcək.

Yaponiya tərəfi Azərbaycanın bu təklifini yüksək qiymətləndirib və Konvensiya layihəsi üzrə müzakirələrin aparılması üçün hər iki ölkənin səlahiyyətli qurumlarının ekspertləri arasında görüşün təşkil olunmasını məqbul hesab edilib.

Fevralın 1-ci ongünlüyündə Dövlət Vergi Xidmətinin ekspertləri ilə Yaponiyanın Maliyyə Nazirliyinin ekspertləri arasında video konfrans vasitəsilə görüş təşkil olunub və Konvensiya layihəsi üzrə müzakirələr aparılıb. Qarşılıqlı anlaşılma mühitində keçən danışıqlarda Konvensiyanın əsas müddəaları müzakirə edilib. Konvensiya layihəsi üzərində iş davam edəcək.

Son xəbərlər

Orphus sistemi