Yaponiya bankları "Ripple" vasitəsilə pul köçürmələrinə başlayır

Yaponiya bankları "Ripple" vasitəsilə pul köçürmələrinə başlayır Bu ölkənin banklarının 80%-i blokçeyn texnologiyasından istifadə edəcək
Maliyyə
7 Mart , 2018 13:01
Yaponiya bankları Ripple vasitəsilə pul köçürmələrinə başlayır

Bakı. 7 mart. REPORT.AZ/ Yaponiyanın bank konsorsiumu - "SBI Ripple Asia" smartfonlar üçün "Money Tap" adlı yeni əlavəsini dövriyyəyə buraxmağa hazırlaşır. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, mobil əlavə ABŞ-ın "Ripple" şirkətinin yaratdığı kriptovalyutanın blokçeyni əsasında fəaliyyət göstərəcək. 

Son nəticədə yapon banklarının müştəriləri anlıq tranzaksiyaları günün 24 saatında həyata keçirə biləcəklər.

"Money Tap" Yaponiyanın bank sistemində tətbiq olunacaq ilk mobil əlavə olacaq. Artıq 3 bank - "SBI Net Sumishin Bank", "Suruga Bank" və "Resona Bank" əlavəni bu il payızda işə salacaqlarını bildiriblər. Tədricən digər banklar da bu sistemə qoşulacaq. Konsorsiuma 61 bank daxildir ki, bunlar da Yaponiyanın bank sisteminin 80%-nə nəzarət edir.

"SBI Ripple Asia"nın baş direktoru Takaşı Okita bildirib ki, Yaponiyada tranzaksiya infrastrukturunun yaxşılaşdırılmasında "Ripple" texnologiyasından istifadə olunması qürurvericidir: "Bankdakı hesab nömrəsindən və telefon nömrəsinin QR (Quick Response) kodundan istifadə etməklə hesablaşmalar həm çox tez, həm də ucuz həyata keçiriləcək".

Bununla belə, yayılmış xəbərin fonunda "Ripple"in qiyməti ümumi kriptovalyuta bazarındakı ucuzlaşma fonunda aşağı düşüb və 0,88 dollar təşkil edib. 

Son xəbərlər

Orphus sistemi