“Xalq Əmanəti”nin “Zəlimxan Yaqub” töhvəsi

“Xalq Əmanəti”nin “Zəlimxan Yaqub” töhvəsi "Xalq Bank"ın “Xalq Əmanəti” layihəsinin 20-ci nəşri işıq üzü görüb.
Maliyyə
21 Dekabr , 2020 11:07
“Xalq Əmanəti”nin “Zəlimxan Yaqub” töhvəsi

Mötəbər məclislərin kürsülərindən, böyük səhnələrdən, xalq kütlələrinin toplaşdığı meydanlardan ildırım kimi çaxan odlu-alovlu, günəş kimi parlayan çıxışları ilə hamının yaddaşında əbədiləşib Xalq şairi Zəlimxan Yaqub. Çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yeri, poetik nəfəsi olan şairin yaradıcılığının əsas qayəsini təşkil edən xalqımıza məxsus milli dəyərlər, folklor qaynaqlarından süzülüb gələn ənənələr oxucunun ovqatının ifadəsinə çevrilib. Aşıq sənətinə, el şairlərinin poetik yaradıcılığına yaxşı bələd olan şairin qələmə aldığı şeirlər öz bədii-estetik gücü ilə oxucu qəlbinə yol tapıb. Təsadüfi deyil ki, şeirlərinin misraları dillər əzbəri olan, hər çıxışı ilə insanları ilhamlandıran şairin haqqında ölümündən sonra da “Zəlimxan Yaqub xalqın şairidir” deyirlər. Şairin yaradıcılığından hər kəsin ürəyinə köçən, qəlbindən dilinə süzülən sevimli misraları var. “Baş əy, bu müqəddəs torpağa, şeirim!”- deyə hər kəlməsi, hər sözü, hər misrası Vətənə məhəbbət hayqıran şairin yaradıcılığı gəncliyə milli mənlik şüurunun aşılanması, doğma yurda sevgi, sədaqət, Vətən uğrunda şəhidlik zirvəsinin müqəddəsliyini anlatmaq baxımından ən gözəl nümunələrdəndir. Zəlimxan Yaqub yüksək natiqlik qabilliyyəti, dərin hafizəsi ilə milyonların könlündə özünə yuva qurmuşdu.

Yubiley nəşr

"Xalq Bank" ASC-nin “Xalq Əmanəti” layihəsi çərçivəsində sayca iyirminci nəşri də bu böyük şairə - müasir Azərbaycan poeziyasının klassiki, Xalq şairi Zəlimxan Yaqubun yaradılıcılığına həsr olunub. Xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyan bu layihə çərçivəsində təqdimatı keçirilən “Zəlimxan Yaqub. Seçilmiş əsərləri” toplusunda şairin poetik irsi, yaradıcılığının müxtəlif mərhələləri geniş şəkildə əks olunub. Topluda şairin tərcümeyi-halı da yer alıb, ürəyinin sevgisindən güc alan qələmindən süzülən şeirlər də, adına dastan dediyi poemalar da, nadir fotolar da...

Nəşrin Xalq Bankda keçirilən təqdimatında da təbiəti etibarilə ilhamlı, coşqun, ehtiraslı, geniş milli ictimai-ideoloji dünyagörüşlü şairin Vətəninə, torpağına bağlı olduğu və güc aldığı, xalqımızın folklor təfəkkürünü, yazılı ədəbiyyatın əsas ideyalarını, dilimizin zəngin bədii imkanlarını dərindən mənimsəyərək həyatını vətənimizin, milli-mənəvi dəyərlərimizin tərənnümünə həsr etdiyi qeyd edildi.

Xalqla nəfəs-nəfəsə dayanan şair

Tədbir iştirakçıları Zəlimxan Yaqubla bağlı bir kitaba, bir ömrə sığmayan, coğrafiya tanımayan xatirələrindən danışdılar. Qədim Borçalının Kəpənəkçi kəndindən Bakıya və Azərbaycanın hər bir guşəsinə, daha sonra Təbrizə, Tiflisə, Türkiyəyə, ümumən bütün Turan dünyasına uzanan yollarından, hər görüşündə xalqın qəlbinə salınan sevgi körpülərindən söhbət açdılar. Qeyd edildi ki, onun kimi Azərbaycanı bölgə-bölgə, oba-oba, oymaq-oymaq gəzən, mənsub olduğu xalqı sevərək öyrənən, və özü dediyi kimi, “xalqla nəfəs-nəfəsə dayanan, ünsiyyətə girən, dərdlinin həmdərdi, söhbətcilin həmsöhbəti” olan şair tapmaq çətindir. Ona görə də Zəlimxan Yaqubu məhəbbət şairi də, Tanrısına və sevgisinə könül verən şair də, “Dəniz kimi dalğalan türk, çalxan türk”- kimi misralarına görə türk dünyasının şairi də, vətənpərvər şair də, ana dilinin şairi də, gücünü torpaqdan, el-obadan alan qələm adamı da, sufi-təsəvvüf, irfan şairi də adlandırırlar. Bütün bu dəyərlərin fonunda Zəlimxan Yaqub böyük Vətəndaş şairdir - xalqına ürəkdən, canı-qanı ilə bağlı olan, onun ruhunun tərcümanına çevrilən söz adamıdır. Yaradıcılığının Gürcüstanın ali mükafatı olan “Şərəf” ordeni ilə qiymətləndirilməsi şairin ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət qazanmasının təsdiqidir. Ölkəmizin “Xalq şairi” kimi mötəbər bir fəxri ada layiq görülməsi, müstəqil Azərbaycan dövlətinin “Şöhrət”, “Şərəf” ordenləri ilə təltif olunması, iki dəfə Milli Məclisə üzv seçilməsi da təkcə vətəndaş şair kimi milliliyə köklənən yaradıcılığına verilən qiymət deyil, həm də daim xalqla ünsiyyətdə olan və bundan hədsiz ruhlanan bir insanın Vətəni qarşısında xidmətlərinə verilən dəyər idi.

Sənətkarın şair obrazı haqqında ən görkəmli şəxsiyyətlər yüksək fikirlər səsləndiriblər. Vaxtilə Prezident İlham Əliyev Zəlimxan Yaqubu “müasir Azərbaycan ədəbiyyatının canlı klassiki” adlandırmışdı. Ümummilli liderimiz Heydər Əliyev 50 illik yubileyi münasibətilə şairə ünvanladığı məktubda yazırdı: “Siz müasir ədəbiyyatımızda zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlarımızdansınız. Xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən şifahi xalq yaradıcılığından ustalıqla bəhrələnməklə Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız”.

Xalqın şairi

Kitabın təqdimatı pandemiya ilə bağlı çox dar çevrədə keçirildi. Tədbirdə millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Yazıçılar Birliyinin üzvü, “Ədəbiyyat” qəzetinin baş redaktoru, kitabın həmtərtibçisi Azər Turan, Zəlimxan Yaqubun yaradıcılığının tədqiqatçısı, Azərbaycan Aşıqlar Birliyinin katibi, toplunun həmtərtibçisi Musa Nəbioğlu, nəşrin redaktoru şair Səlim Babullaoğlu və şairin ailə üzvləri iştirak edirdi.

Millət vəkili, akademik Nizami Cəfərov yazır: “Zəlimxan Yaqub Azərbaycanın, ümumən Türk dünyasının dünyaya bəxş etdiyi böyük şairlərdəndir ki, onun yaradıcılığının cövhərində, mayasında ilahi istedadın enerjisi, Tanrıdan gələn güc, qüdrət var. Əgər belə olmasaydı, o, Zəlimxan Yaqub olmazdı”. Akademikin “Xalq Əmanəti”nin yubiley nəşrinə yazdığı “Son söz” də elə Zəlimxan Yaqub yaradıcılığına böyük xalq məhəbbətinin ümumiləşdirilmiş ifadəsidir.

N.Cəfərov Zəlimxan Yaqubun əsərlərini böyük bir toplu halında oxuculara təqdim edən “Xalq Əmanəti” layihəsinin yeni nəşrini yüksək dəyərləndirərək bu nəfis kitabda şairin poetik irsinin kifayət qədər əhatəli əks olunduğunu dilə gətirdi. “Zəlimxan Yaqub yaradıcılığı ona görə böyük ədəbi-mədəni hadisəyə çevrildi ki, şair mənsub olduğu xalqın folklor təfəkkürünü mənimsəməklə kifayətlənmədi, Azərbaycan və dünya yazılı ədəbiyyatının əsas ideyalarını, bədii imkanlarını da öyrəndi. Gənclik illərindən başlanan ardıcıl, gərgin və məhsuldar üslub axtarışları Zəlimxanı tezliklə məşhurlaşdırdı, Osman Sarıvəlli, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə kimi görkəmli söz ustaları gənc şairin istedadını etiraf etdilər”. Z.Yaqubun 1966-cı ildə “Sovet Gürcüstanı” qəzetində işıq üzü görən ilk şeirindən başlayaraq yaradıcılığını mərhələlərlə vərəqləyən akademik şairin ilk kitabının nəşrinə, “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan” və “Ulduz” jurnallarında dərc olunan şeirlərinin ona gətirdiyi şöhrətə, hələ gənclik illərindən ona məxsus emosiya, şövq və intonasiya ilə ədəbi mühiti silkələyən və xalq qəlbinə yol tapan çıxışlarına toxunub: “Etiraf etmək lazımdır ki, şairin yaradıcılığının miqyasına (və məzmununa) əhəmiyyətli təsir göstərən ən mühüm amillərdən biri həmişə xalqla, məşhur ifadə ilə desək, geniş xalq kütlələri ilə qırılmaz ünsiyyəti olmuşdur ki, fikrimizcə, böyük Səməd Vurğundan sonra həmin ünsiyyət təcrübəsini (məktəbini) bütöv bir həyat-yaradıcılıq missiyası (və mədəniyyəti!) səviyyəsinə qaldıran ikinci Azərbaycan şairi məhz Zəlimxan Yaqubdur”. N.Cəfərov Zəlimxan Yaqubu bütöv türk dünyasının şairi adlandırdı: “O, mənsub olduğu türk etnosunun tarixini, mədəniyyətini nəinki yaxşı bilən, eyni zamanda bu tarixi, mədəniyyəti (və mentaliteti!) özünün yaradıcı varlığında təcəssüm etdirən bir sənətkar, düşüncə adamıdır“.

Tədbirdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli xalqına ürəkdən, canı və qanı ilə bağlı olan, onun ruhunun ötürücüsünə çevrilən şairə böyük ümumxalq məhəbbətinin sirri onun türkçülüyündən, vətənpərvərliyindən, irfanlığından, Ana dilimizə olan böyük sevgisindən irəli gəlir.

Onu da qeyd etməliyik ki, yeni nəşrin keçən ildən başlayaraq hazırlanması və məhz indi təqdim olunması həm əlamətdardır, həm də simvolik. Vətən torpaqlarının işğalda olması Zəlimxan Yaquba sağlığında əzab verir, ölümündən sonra ruhunu incidirdi. İctimai xadim, vətəndaş şair kimi o torpaqlarımızın işğalına etiraz edərək: “Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!“ deyə hayqırırdı.

“Düşmən bilir bu torpağın altı nədir, üstü nə,

Onunçün də od yağdırır gecə-gündüz üstünə“ - deyə yazan şairin nəhayət ki, ruhu təskinlik tapıb. Azərbaycan Vətən müharibəsində zəfər qazanıb, torpaqlarımız 30 illik işğaldan azad olunub. Hamı şadyanalıqla “Qarabağ bizimdir!” deyir. “Xalq Əmanəti”nin yubiley nəşri də Zəlimxan Yaqub ruhuna layiqli hədiyyədir.

“Xalq Əmanəti” layihəsini "Xalq Bank" 2010-cu ildən həyata keçirir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, Tağı Tağıyev, eləcə də Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr olunmuşdur. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin, dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.

Son xəbərlər

Orphus sistemi