"Xalq Bank" ASC bu ilin I yarısını 17,2 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,7% çoxdur.
Yanvar-iyun aylarında "Xalq Bank"ın əməliyyat gəlirləri 69,013 milyon manat (illik müqayisədə 9% çox), əməliyyat xərcləri 34,601 milyon manat (14% çox), xüsusi ehtiyatlara ayırmaları 13,242 milyon manat (5,1% az), gözlənilməz gəlirləri 13 min manat (92,2% az), mənfəət vergisi ödəmələri isə 4,003 milyon manat (13,7% çox) təşkil edib.
Bu il iyulun 1-nə "Xalq Bank"ın aktivləri 2 168,973 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,6% çoxdur. Bunun 1 533,881 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,7% böyüyüb.
Hesabat dövründə "Xalq Bank"ın öhdəlikləri 0,2% artaraq 1 740,077 milyon manata, o cümlədən depozit portfeli 3% artaraq 1 430,994 milyon manata, balans kapitalı isə 7,4% artaraq 428,895 milyon manata çatıb.
Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,8 milyon manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85%-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur.