Vüqar Gülməmmədov: "Auditdən keçən təşkilatlarda hər il nöqsanlar azalır"

Vüqar Gülməmmədov: "Auditdən keçən təşkilatlarda hər il nöqsanlar azalır" Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Report"a müsahibə verib. Müsahibəni təqdim edirik:
Maliyyə
246
16 Dekabr , 2021 14:17
Vüqar Gülməmmədov: Auditdən keçən təşkilatlarda hər il nöqsanlar azalır
Vüqar Gülməmmədov

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Report"a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Hesablama Palatasının büdcə təşkilatlarında apardığı auditdə əvvəlki illərdə aşkar edilmiş nöqsanlar təkrarlanırmı? Şəffaflıq və hesabatlılıqla bağlı vəziyyətin yaxşılaşdığını demək olarmı?

- Hesablama Palatasının illik fəaliyyətinə dair Hesabatlardan göründüyü kimi, nəzarət tədbirlərinin əsas nəticələrinin büdcə qanunvericiliyinə əməl olunması, maliyyə hesabatlarının düzgün tərtib edilməsi və tam və etibarlı konsolidasiyası sahəsində nöqsanların ümumi sayının azalmasını qeyd etməklə yanaşı, görülən işlərin kifayət etmədiyini də bildirməliyəm.

Dövlət satınalmaları sahəsində mövcud qanunvericiliyə əməl edilməməsi, publik hüquqi şəxslər tərəfindən vəsaitlərin effektiv idarəedilməməsi, büdcə vəsaitlərindən istifadə edənlərin xərclərin sənədləşdirilməsi və əsaslandırılması işinin yetərli olmaması kimi hallar mövcuddur. Bununla yanaşı, audit olunan təşkilatlarda hər növbəti il pozuntunun sayının nisbətən azalmasını qənaətbəxş hesab etmək olar.

- Azərbaycanda dövlət satınalmaları üzrə şəffaflıq səviyyəsini necə xarakterizə etmək olar?

- Dövlət satınalmaları Palatanın apardığı auditlərdə daim diqqət yetirdiyi sahədir. Ümumiyyətlə, dövlət satınalmaları sahəsində icra orqanları tərəfindən institusional dəyişikliklərin başlandığını da bildirməliyəm. Eyni zamanda, çıxışlarımızda və müsahibələrimizdə məhz son iki ildə bəzi müsbət dəyişikliklərin, əsasən büdcə vəsaitinin dövlət satınalmalarına cəlb olunmasının əhatəsinin və rəqabətli satınalma metodlarına üstünlük verilməsi hallarının artması, satınalmalarda ehtimal olunan qiymətlə orta bazar qiymətləri arasındakı fərqin azalması, iddiaçıların müəyyənləşdirilməsi və qalib təşkilatların seçilməsi mərhələlərində şəffaflığın müşahidə edildiyini vurğulamışıq.

Hesablama Palatası apardığı nəzarət tədbirlərində dövlət satınalmalarında üç əsas məsələyə diqqət edir. İlk növbədə dövlətin zəruri ehtiyacının doğru və düzgün müəyyən edilməsi, ikincisi, bu ehtiyacın ödənilməsi üçün optimal qiymət və münasib şərtlərlə qalibin seçilməsi. Üçüncüsü isə qalib təşkilatla bağlanmış müqavilənin satınalma prosesində razılaşdırılmış şərt və öhdəliklərinin icra edilməsi məsələsidir. Bizim fikrimizcə, dövlət satınalmasının keçirilməsində məqsəd bundan ibarət olmalı və nəzarət də bunun üzərində qurulmalıdır. Hesab edirik ki, bu məsələlərdə yol verilmiş pozuntular satınalmaların etibarsız olması ilə bağlı dəlillərdir. Bütün digər nöqsanlar, onlardan bəzilərinə mətbuatda da tez-tez rast gəlinir, törəmə nöqsanlardır.

Dövlət satınalmalarında korrupsiya ehtimalını yaradan iki əsas nöqsan halı var ki, bunlar da qiymətin bilərəkdən baha olması və satınalmalarda maraq ziddiyətidir. Hər iki pozuntunu audit və ya təftişlə müəyyən etmək çox çətindir və demək olar ki, mümkün deyil. Korrupsiya hallarını hüquq-mühafizə orqanları çox uğurla müəyyən edir və nəticələr də göz qabağındadır.

- Hesablama Palatasının rəylərinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün nə kimi addımlar atılır?

- Qanunvericiliyə əsasən, Hesablama Palatasının fəaliyyət istiqamətlərindən biri də dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verməkdir və bu fəaliyyətin keyfiyyətinin artırılması hər zaman diqqətimizdədir. Məhz bu məqsədlə, Hesablama Palatasının 2021-2025-ci Strateji Planının aralıq nəticələrindən biri kimi “Dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının layihələri və onların icrası ilə bağlı yüksək keyfiyyətli rəylər” müəyyən edilmişdir. Müxtəlif ölkələrin ali audit orqanlarının bu sahədə təcrübəsinin öyrənilməsi, rəylərin hazırlanması zamanı mütərəqqi təcrübənin və fiskal diaqnostika alətlərinin tələblərinin diqqətə alınması, xarici ekspertlərlə məsləhətləşmələr, rəylərin hazırlanması ilə bağlı daxili metodiki sənədlərin yenilənməsi kimi işləri biz 2021-ci il üçün bu istiqamətdə görülməli işlər kimi planlaşdırmışdıq və nəzərdə tutulmuş işləri bu dövrdə reallaşdıra bilmişik.

Rəylərin keyfiyyətinin artırılması ilə bağlı bəzi məqamlar üzərində xüsusilə dayanmaq istərdim. İlk növbədə deyim ki, 2022-ci ilin dövlət büdcəsinin layihəsinə hazırladığımız Rəydə informativ xarakterli məlumatların deyil, qiymətləndirmələrin əks olunmasına üstünlük verməyə çalışmışıq. Həmçinin, bu rəydə “Proqnoz maliyyə məlumatlarının yoxlanılması” (Əminlik təmin edən məsələlər üzrə beynəlxalq standart – 3 400) standartından da istifadə etmişik. Audit standartlarına istinadların edilməsində məqsəd rəylərin hazırlanması zamanı yalnız analitik prosedurlarla kifayətlənməməkdir. Eyni zamanda, apardığımız qiymətləndirmələr əsasında hazırlanmış tövsiyələrin də keyfiyyətinin artırılması istiqamətində işlər həyata keçirmiş, təhlil və qiymətləndirilmələr üzrə əldə edilmiş nəticələrə istinad etməklə ümumilikdə 38 tövsiyə əks etdirmişik. Mütərəqqi təcrübə və fiskal diaqnostika alətlərinin tələbləri nəzərə alınmaqla hazırlanmış tövsiyələrin spesifik, əhəmiyyətli və realist olmasına diqqət yetirmişik. Rəydə verilmiş tövsiyələrin dövlət maliyyə idarəetməsinin gücləndirilməsinə xidmət etdiyi qənaətindəyik və burada institusional dəyişikliklərlə bağlı tövsiyələr üstünlük təşkil edir. Mahiyyətinə uyğun olaraq bu tövsiyələri “Büdcə sistemi haqqında” qanuna dəyişikliklər, “Büdcə zərfi”nin tərkibi, dövlət büdcəsinin xərcləri, dövlət büdcəsinin gəlirləri, dövlət maliyyə idarəetməsinin səmərəliliyinin, hesabatlılığının və şəffaflığının təmin edilməsi ilə bağlı tövsiyələr kimi qruplaşdıra bilərik.

- Azərbaycanda yeni audit növlərinin tətbiq edilməsi istiqamətində hansı işlər aparılır?

- “Hesablama Palatası haqqında” 2018-ci ildə qəbul edilmiş Qanuna əsasən Hesablama Palatasının maliyyə, uyğunluq və səmərəlilik auditi keçirmə səlahiyyəti birbaşa təsbit edilmişdir. Strateji planımızda adı çəkilən audit növlərinin əhatəsinin artırılması və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər nəzərdə tutulmuşdur. 2021-ci ildə auditlərin aparılması ilə bağlı təlimatlar hazırlamaqla metodoloji bazanın gücləndirilməsinə xüsusi diqqət göstərmişik. Təlimatların hazırlanmasında və yenilənməsində əsas məqsədimiz beynəlxalq standartlara uyğun auditlərin keçirilməsidir.

Bundan əlavə, auditlərin planlaşdırılması zamanı ölkənin strateji sənədlərinin və mövcud çağırışların nəzərə alınmasına xüsusi həssaslıq göstərilir. Aktuallıq kəsb edən məsələlərin əhatə edilməsi baxımından səmərəlilik auditləri daha fərqli yer tutur. 2021-ci ildə əvvəlki ilə nisbətən çox olmaqla, 4 səmərəlilik auditi keçirilib. 2021-ci ildə Hesablama Palatasında səmərəlilik auditi şöbəsi yaradılmışdır ki, bu da eyni adlı audit növünün əhatə dairəsinin genişləndirilməsinə imkan vermişdir. Hazırda Hesablama Palatasının 2022-ci il üçün İş Planı tərtib edilir və səmərəlilik auditləri üzrə dayanıqlı inkişaf məqsədlərinin nəzərə alınmasını, dövlət proqramlarının auditini xüsusi diqqətdə saxlayırıq.

Auditlərin keyfiyyətinin artırılması istiqamətində atılan addımlardan biri də dayanıqlı keyfiyyətə nəzarət və keyfiyyətə əminlik sisteminin yaradılmasıdır. Bu istiqamətdə görülmüş işlər kimi maliyyə nəzarətinin planlaşdırma, həyata keçirilmə, rəsmiləşdirmə və izlənilmə mərhələləri üzrə keyfiyyətə nəzarət mexanizminin formalaşdırılmasını, keyfiyyətə nəzarət üzrə məsuliyyətlərin müəyyən edilməsini, müvafiq sahə üzrə struktur bölmənin yaradılması və heyətinin formalaşdırılmasını qeyd edə bilərəm.

Yeni audit növü kimi İT auditi qeyd etmək istərdim. Ölkələrdən asılı olaraq bu audit növü həm ayrıca, həm də digər audit növləri ilə birlikdə həyata keçirilir. Biz hazırda həyata keçirdiyimiz auditlərdə bu audit növünün elementlərini tətbiq etməkdəyik.

- Rəhbərlik etdiyiniz qurumda rəqəmsal transformasiyaya keçid prosesi hansı mərhələdədir? Bu istiqamətdə hansı işlər aparılır?

- Az öncə də dediyim kimi, ali audit orqanı olaraq həyata keçirdiyimiz işlərin effektivliyinin artırılması istiqamətində çalışırıq. Lakin qurumların təqdim etdikləri məlumatların emalının rəqəmsal şəkildə həyata keçirilməməsi vaxt resursunun məhdudluğu fonunda təhlil prosesinin müddətinə və keyfiyyətinə təsirsiz ötüşmür. Bu halların aradan qaldırılması üçün məlumatlara çıxış imkanlarının genişləndirilməsi, məlumatların əldə olunması və emalı prosesinin sürətləndirilməsi yolu ilə məlumat bazasının rəqəmsallaşdırılması əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, 2021-2025-ci illər üzrə Strateji Planımızda “Rəqəmsal transformasiyaya keçidə hazırlıq” aralıq nəticə kimi müəyyənləşdirilib.

Sualınıza cavab olaraq bildirirəm ki, hazırda bu prosesin başlanğıc mərhələsindəyik. Bu aralıq nəticə üzrə 2021-ci il üçün nəzərdə tutulmuş işlər, demək olar ki, yerinə yetirilib, il ərzində audit fəaliyyətinin idarəedilməsi sisteminin (AFİS) və resursların idarəedilməsinin daxili elektron sisteminin (RİDES) təkmilləşdirilməsi ilə bağlı əhəmiyyətli işlər həyata keçirilib. Növbəti ildə də rəqəmsallaşmaya keçidin təmin edilməsi istiqamətində Hesablama Palatasına təqdim edilmiş məlumatların vahid elektron sistemdə yığılması və emalı üzrə proqram təminatının hazırlanması və tətbiqi planlaşdırılıb. Məlumatların qəbulu və emalı prosesinin tam elektronlaşdırılmasının, vaxt amilinə qənaəti təmin etməklə, nəticəliliyin artırılmasına birbaşa töhfə verəcəyi qənaətindəyik.

Vüqar Gülməmmədov
Vüqar Gülməmmədov

- Növbəti ildən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları Təşkilatına (ECOSAI) Azərbaycanın sədrlik etməsi gözlənilir. Bu məsələ ilə bağlı münasibət bildirərdiniz və təşkilatın gələcək planları barədə məlumat verərdiniz.

- Məlumat üçün bildirim ki, 1994-cü ildə yaradılmış ECOSAI təşkilatının əsas məqsədi iqtisadi və sosial inkişafın müxtəlif təcrübəsinə malik İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) ölkələri arasında dövlət auditi sahəsində əlaqələri təkmilləşdirmək, auditorların peşəkar inkişaf yükünün bölüşdürülməsində əməkdaşlığı gücləndirmək, müxtəlif istiqamətlərdə inkişaf etmiş və müxtəlif funksiyaları yerinə yetirən AAO-lar arasında fikir və təcrübə mübadiləsini təşviq etmək, AAO əməkdaşlarını öz vəzifələrini ən yüksək məsuliyyət hissi, operativlik və peşəkarlıqla yerinə yetirməyə həvəsləndirməkdir.

Məlum olduğu kimi, dekabr ayında ECOSAI təşkilatının növbəti toplantısı Bakı şəhərində keçirilib, toplantı zamanı təşkilatın İdarə Heyəti ölkəmizin bu təşkilata sədrlik etməsi ilə bağlı namizədliyini irəli sürüb. Bununla bağlı yekun qərar növbəti ildə Qazaxıstanda keçiriləcək Assambleyeda veriləcək.

Toplantı zamanı təşkilata üzv dövlətlərin AAO-ları arasında təlimlərin səmərəliliyinin yüksəldilməsi, potensialın inkişafı istiqamətində e-təlim proqramlarının həyata keçirilməsi, beynəlxalq audit standartlarının tətbiqinin artırılması və bu istiqamətdə uğur hekayələrinin paylaşılması, təşkilatın saytının funksionallığının və faydalılığının təkmilləşdirilməsi, əməkdaşlıq sazişlərinin imzalanması və digər istiqamətlərdə əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib.

Son xəbərlər

Orphus sistemi