Volodimir Orlov: "Azərbaycan şirkətləri ilə Dnepropetrovsk biznes mühiti arasında məhsuldar əməkdaşlıqda çox maraqlıyıq"

Volodimir Orlov: "Azərbaycan şirkətləri ilə Dnepropetrovsk biznes mühiti arasında məhsuldar əməkdaşlıqda çox maraqlıyıq" Ukraynanın Dnepropetrovsk vilayəti qubernatorunun I müavini Volodimir Orlovun “Report”un Şərqi Avropa bürosuna müsahibəsi.
Maliyyə
117
2 Sentyabr , 2021 09:23
Volodimir Orlov: Azərbaycan şirkətləri ilə Dnepropetrovsk biznes mühiti arasında məhsuldar əməkdaşlıqda çox maraqlıyıq
Volodimir Orlov

Ukraynanın Dnepropetrovsk vilayəti qubernatorunun I müavini Volodimir Orlovun “Report”un Şərqi Avropa bürosuna müsahibəsi.

- Azərbaycan və Ukrayna regionları arasındakı əlaqələrin hazırkı inkişaf səviyyəsini necə qiymətləndirirsiniz? Hansı sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac var?

- Ukrayna, konkret olaraq Dnepropetrovsk vilayəti ilə Azərbaycan arasındakı əlaqələrdən danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, ümumi ticarət dövriyyəsi, təxminən, 46 milyon ABŞ dolları təşkil edib. Bu, Ukraynanın xarici iqtisadi mal dövriyyəsinin hardasa 6 faizini təşkil edir. Hələ irəliyə doğru gedə biləcəyimiz aydın görünür. Qeyd etmək istərdim ki, birgə biznesin inkişafı, Azərbaycan investisiyasının Dnepropetrovsk vilayəti ərazisinə daxil olması üçün Azərbaycan şirkətləri, biznesi ilə Dnepropetrovsk şirkəti və biznes mühiti arasında məhsuldar əməkdaşlıqda çox maraqlıyıq. Vilayət səlahəiyyətliləri kimi biznesin rəsmiləşdirilməsi və aparılması məqsədilə təkcə bütün qanuni prosedurlardan keçmək üçün yox, həm də biznesin aparılması ilə bağlı qarşıya çıxacaq bütün bürokratik əngəlləri minimuma endirmək üçün yardım etməyə hazırıq. Dnepropetrovskun Ukraynanın bir nömrəli sənaye regionu olduğunu hamımız gözəl başa düşürük. Amma demək istərdim ki, hazırda aqrar sahədə də adımızdan söz etdiririk. Dnepropetrovsk vilayəti kənd təsərrüfatı məhsullarının istehsalına görə ölkə üzrə ilk üçlüyə düşür. Hətta deyərdim ki, kənd təsərrüfatı mallarının xaricə ixracı baxımından bir nömrəli vilayətdir. Odur ki, Azərbaycanla qarşılıqlı əlaqələrdə və biznesdə ortaq nöqtə tapmaq, onu inkişaf etdirmək mümkündür.

- Dnepropetrovsk vilayətinin şəhərləri ilə Azərbaycanın işğaldan azad edilmiş şəhərlərindən birinin qardaşlaşması mümkündürmü?

- Vilayət rəhbəri Valentin Rezniçenkonun əsas prioritet tapşırıqlarından biri beynəlxalq əməkdaşlıq istiqamətinin inkişaf etdirilməsidir. Daim vilayətin inkişafını nəzərdə tutan sazişlərin imzalanması üzrə işlər aparılır. Amma hamımız gözəl bilirik ki, son zamanlar COVID-19 pandemiyası bütün əlaqələrdə korrektə edilməsinə səbəb olub, işlər bir qədər cığırından çıxıb. İndi lazımi həcmləri bərpa etmək üçün çalışırıq. Şəhərlərin qardaşlamasına gəlincə, bu, təbii ki, mümkündür. Amma bunun üçün ilk növbədə hər iki tərəf – həm vilayətimizin, həm də Azərbaycan Respublikasının subyektləri bunda maraqlı olmalıdır. Məsələn, regionumuzun hansısa şəhəri bununla bağlı yardım məqsədilə bizə müraciət edərsə, onlara hərtərəfli yardım etməyə hazırıq.

- Ukrayna islahatlar mərhələsindədir. Bu islahatlar çərçivəsində vilayətinizdə hansı addımlar atılır?

- Ukrayna həqiqətən inkişaf edir, islahatlar aparılır. Dnepropetrovsk vilayəti də bu baxımdan geri qalmır. İlk olaraq desentralizasiya ilə bağlı islahatları vurğulayardım, proses tam sürətlə gedir. İkincisi, xarici investisiyaların cəlb edilməsi ilə bağlı islahatlardır. Bizdə böyük sənaye müəssisələri, sahələri olduğundan əcnəbi sərmayədarların maraq dairəsində oluruq. Üstəlik, burada investorlar üçün xeyli rahat mühit yaradılıb. Nəqliyyat, turizm infrastrukturunun inkişafını isə yəqin özünüz də bura gələrkən gördünüz. Qısası, heç bir prosesdən kənar qalmırıq. Vilayətdə desentralizasiya üzrə islahatlar sürətlə, aktiv şəkildə aparılır. 7 rayonda 86 ərazi icması yaradılıb.

Bundan başqa, daha effektiv idarəetmə üçün kommunal mülkiyyətin qromadalara verilməsi prosesi davam edir. Üstəlik, inzibati xidmətlər mərkəzi açırıq. Burada hər cürə sənədin ən qısa zaman kəsiyində alınması mümkün olacaq.

- Ümumilikdə bu islahatlarda, o cümlədən vilayətin iqtisadiyyatının inkişafında etnik xalqların, o cümlədən azərbaycanlıların rolunu necə görürsünüz?

- Dnepropetrovsk çoxmillətli vilayətdir. Burada müxtəlif dini, mədəni, tarixi mənsubiyyəti olan onlarla etnik qrup yaşayır. Bu, bizi ayırmır, əksinə, birləşdirir. Vilayətdə millətçilik, dini baxımdan heç bir nifaq yoxdur. Dnepropetrovskda Azərbaycanın 16 ictimai təşkilatı qeydiyyatdan keçib. İlk belə təşkilatlardan biri “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzidir. 2016-cı ildə Dneprdə Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyətinin İnkişafı Fondu yaradılıb. Fond mədəniyyət və idmanın inkişafı ilə məşğuldur. Bəllidir ki, Azərbaycan diasporu, icması say baxımından ölkəmizdə öncüllərdəndir. 2016-cı ildə “Birləşmiş Dnepropetrovsk Azərbaycanlıları İcması” ictimai təşkilatı yaradılıb. Buraya vilayətdə fəaliyyət göstərən bütün Azərbaycan təşkilatlarının nümayəndələri daxildir. 2019-cu ildə Dnipro şəhərində Müslüm Maqomayevin şərəfinə adlandırılan eyniadlı küçənin açılışı olub.

- Ukraynada başqa millətlərdən olan şəxslərin inzibati idarəetmə sahəsində, seçki orqanlarında müəyyən vəzifələrə təyinat aldığını, seçildiyini tez-tez eşitsək də, bu mənada azərbaycanlıları fərqləndirmək çətindir. Bunun səbəbi nədir?

- Belə deməzdim. Baxın, Dnepropetrovsk vilayətinin Pyatixatki şəhərinin meri Qilal İsayev azərbaycanlıdır. Dediyim kimi, bizdə bu baxımdan ayrı-seçkilik yoxdur.

- Axı bunu eşitməmişik. Demək, təbliğat işləri zəifdir.

- Düzü, İsayev fəal merdir. Həmçinin azərbaycanlıların diaspora cəmiyyətinin fəal üzvüdür. Onunla sıx əməkdaşlıq edirik. Onun barədə yalnız müsbət şeylər deyə bilərəm. Bir daha qeyd edim ki, biz adamların millətinə, dini və mədəni mənsubiyyətinə baxmırıq. Şəxs işləməyi bacarırsa, onu xalq seçibsə, o, heç bir problem yaşamadan vəzifəsini icra edəcək.

- Bu sualı da hardasa məsələnin davamı saymaq olar. Bu gün Ukrayna müharibənin davam etdiyi dövrdə yaşayır və ona görə də təkcə ukraynalıların özlərinin deyil, həm də etnik azlıqların birləşməsinə ehtiyac duyur. Ukraynada çox sayda azərbaycanlı gənc yaşayır. Bu gəncləri Ukrayna həqiqətləri ətrafında səfərbər etməklə bağlı hansısa fikriniz varmı?

- Gənclik sosiumun elə bir sosial fəal hissəsidir ki, dəstəyə ehtiyacı olmur. Yəni onlar ölkənin inkişaf etdiyini görürlərsə, özləri prosesə qoşulurlar. Kimi-kimi, gəncləri nəyəsə istiqamətləndirmək lazım deyil. Üstəlik, ölkəmizdə gənclər təşkilatlarının inkişafı üçün əlverişli şərait yaradılıb. Gənclərin cəmiyyətin inkişafına kənardan baxmaması, bunda bilavasitə iştirak etməsi üçün belə təşkilatların hər birinə maksimum yardım edirik. Biz hamı ilə işləməyə hazırıq. Bu, prezidentimizin, vilayət rəhbərinin prinsipidir. Biz də dövlət siyasətini həyata keçirən şəxslər olaraq bu prinsipə sadiqik.

- Bir neçə il əvvələdək Ukraynada vəziyyət elə idi ki, əcnəbi biznesmenlərə hücum edilir, kriminal məsələlər gündəmə çıxırdı. İndi durum necədir? Əcnəbi sərmayədarlar Dnepropetrovsk vilayətinə rahatca investisiya qoya bilərmi?

- Əvvəldə də dediyim ki, biz vilayət hökuməti olaraq ilk növbədə vilayətdə əlverişli investisiya mühitinin olmasında maraqlıyıq. Bu məqsədlə hüquq-mühafizə orqanları, biznes nümayəndələri ilə gündəlik məsləhətləşmələr keçiririk. Çünki hüquq-mühafizə orqanları təmiz işləyən, qanunlara riayət edən investorları qorumalıdır. Yəni biznes qanuna uyğun şəkildə aparılmalı, biz, öz növbəmizdə, bürokratik əngəlləri aradan qaldırmalı, biznesin aparılmasına münbit şərait yaratmalıyıq. Üstəlik, biz təkcə investisiya ilə bağlı yox, həm də müəyyən cinayətkar elementlər tərəfindən törədilə biləcək istənilən formalı qanunsuz hərəkətlər ilə bağlı vəziyyətə daim nəzarət edirik və bu cür qanunsuz hərəkətlərin vilayətimizdə olmaması üçün var gücümüzlə çalışırıq. Vilayətin prokurorluğu, milli polisi, təhlükəsizlik xidməti yalnız bu istiqamətdə məhsuldar əməkdaşlığa meyl edir. Sizi əmin edirəm, bütün mənfi halları kökündən həll edəcəyik.

Son xəbərlər

Orphus sistemi