"VF AzərKredit" manatla kreditləşməni bərpa edib

"VF AzərKredit" manatla kreditləşməni bərpa edib Hazırda manatla verilən kreditlərin maksimal məbləği 2 000 manatdır
Maliyyə
10 İyun , 2016 14:12
VF AzərKredit manatla kreditləşməni bərpa edib

Bakı. 10 iyun. REPORT.AZ/ “VF AzərKredit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) müsbət tarixçəsi olan müştərilərinə yenidən manatla biznes kreditləri verməyə başlayıb. “Report”un BOKT-a istinadən verdiyi məlumata görə, müştərinin kredit tarixçəsi yoxlanarkən onun “VF AzərKredit”lə əməkdaşlığı nəzərə alınmaqla yanaşı onun digər kredit təşkilatlarından götürdüyü kreditlər üzrə öhdəlikləri necə icra etdiyinə də önəm veriləcək.

Manatla biznes kreditləri üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 29% təşkil edir. Kreditlər kənd təsərrüfatı, emal, xidmət, ticarət və sair biznes sahələrini inkişaf etdirmək məqsədilə 15 aya qədər müddətə ayrılır.

“VF AzərKredit” şirkətindən “Report”a verilən açıqlamada ikinci devalvasiyadan sonra dollarla olan kreditlərin restrukturizasiyası ilə əlaqədar manatla kreditlərin verilməsinin dayandırıldığı deyilib. Qurum rəsmisinin sözlərinə görə, hazırda manatla verilən kreditlərin maksimal məbləği 2 000 manatdır. BOKT kreditləri Bakıda və regionlarda fəaliyyət göstərən filialları vasitəsilə təqdim edir.

Xatırladaq ki, “VF AzərKredit” 1996-cı ildə yaradılıb, 2002-ci ildə MMC kimi qeydiyyatdan keçib və 2003-cü ildə Mərkəzi Bankın lisenziyasını alıb. Təşkilatın 40 rayonda 44 ofisi fəaliyyət göstərir, aktiv müştərilərinin sayı 65 min nəfərə yaxın, kredit portfelinin həcmi isə 73 mln. manatdan artıqdır.

Son xəbərlər

Orphus sistemi