Vergilərə işə qəbulla bağlı müsabiqə qeyri-müəyyən müddətə təxirə salındı

Vergilərə işə qəbulla bağlı müsabiqə qeyri-müəyyən müddətə təxirə salındı Müsabiqənin keçirilməsi ilə bağlı hər hansı dəyişiklik olarsa, Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində əlavə məlumat yerləşdirələcək. 
Maliyyə
12 Oktyabr , 2020 11:31
Vergilərə işə qəbulla bağlı müsabiqə qeyri-müəyyən müddətə təxirə salındı

Məlum olduğu kimi, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələri nəzərə alınaraq, dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsi sentyabr ayına qədər təxirə salınmışdı.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, son günlər quruma işə qəbulla bağlı imtahanların nə zaman keçiriləcəyi barədə suallar daxil olmaqdadır. Məsələyə Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəisi vəzifələrini icra edən Elməddin Süleymanov aydınlıq gətirib. 

O qeyd edib ki, pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudlaşdırmalar və digər zəruri tədbirlər, həmçinin Ermənistan silahlı qüvvələrinin mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar ölkə prezidentinin 27 sentyabr 2020-ci il tarixli fərmanına əsasən ölkədə elan olunmuş hərbi vəziyyət vergi xidmətinə işə qəbulla bağlı müsabiqə üzrə müəyyən olunmuş iş planının dəyişdirilməsinə zərurət yaradıb.

E.Süleymanov elektron ərizələri təsdiq edilmiş namizədlərin nəzərinə çatdırıb ki, müsabiqənin keçirilməsi ilə bağlı məsələlər diqqət mərkəzindədir. Lakin mövcud vəziyyəti nəzərə alaraq, müsabiqənin keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınır.

Müsabiqənin keçirilməsi ilə bağlı hər hansı dəyişiklik olarsa, Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində əlavə məlumat yerləşdirələcək. 

Son xəbərlər

Orphus sistemi