Bakı. 9 iyun. REPORT.AZ/ Vergilər Nazirliyinin struktur vahidi və bölmələrinə nəzarətdə (kuratorluq) bəzi dəyişikliklər baş verib. “Report” xəbər verir ki, Nazirliyin Vergi ödəyicilərinə xidmət Baş İdarəsi nazir müavini Sahib Ələkbərovun kuratorluğundan çıxarılaraq birbaşa nazir Fazil Məmmədovun kuratorluğuna verilib.
Həmçinin, Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsi vergilər nazirinin katiblik məsələləri üzrə müşaviri Riyad Hüseynovun nəzarətindən alınaraq nazirin müavini Sahir Məmmədxanovun kuratorluğuna həvalə edilib.
Bununla yanaşı, Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsi yaradılaraq vergilər nazirinin müavini İlkin Vəliyevin nəzarətinə verilib.
Nazirlikdə yeni yaradılan Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsi və informasiya texnologiyaları şöbəsi isə vergilər nazirinin katiblik məsələləri üzrə müşaviri R.Hüseynovun nəzarətinə verilib.
Əlavə olaraq yeni yaradılan Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsi və Vergi auditi və operativ nəzarət İdarəsi nazirinin büdcə proqnozlarının icrası üzrə müşaviri Habil Məmmədovun kurasiyasına verilib.