Vergilər Nazirliyi: İndiyə qədər 366 187 "ASAN imza" sertifikatı verilib

Vergilər Nazirliyi: İndiyə qədər 366 187 "ASAN imza" sertifikatı verilib Elektron xidmətlərindən sərbəst istifadənin təşviqi məqsədilə qurum özünəxidmətə keçid meyarı tətbiq edir
Maliyyə
178
19 Oktyabr , 2017 16:00
Vergilər Nazirliyi: İndiyə qədər 366 187 ASAN imza sertifikatı verilib

Bakı. 19 oktyabr. REPORT.AZ/  "Vergilər Nazirliyinin elektron xidmətlərindən sərbəst istifadənin təşviqi məqsədilə qurumun Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamenti özünəxidmətə keçid meyarı tətbiq edir".

“Report” xəbər verir ki, bunu adı çəkilən Departamentin Xidmətin təşkili idarəsinin direktoru, baş vergi xidməti müşaviri Azər Şirinov deyib.

Onun sözlərinə görə, xidmət mərkəzlərində elektron xidmətlərdən istifadə etmiş vergi ödəyicilərinin sonrakı dövrdə xidmət mərkəzlərinə gəlmədən elektron xidmətlərdən sərbəst istifadə səviyyəsini əks etdirən bu meyar üzrə ilkin olaraq 2017-ci ilin ikinci rübü üçün hədəf 30% səviyyəsində müəyyən edilib və növbəti dövrlərdə bu faiz göstəricisinin artırılması nəzərdə tutulur. 

A.Şirinov 2017-ci ilin 9 ayı ərzində xidmət mərkəzlərində qəbul edilmiş vergi ödəyicilərinin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 8%, göstərilmiş xidmətlərin sayının isə 5,5% artmasına baxmayaraq, son iki ayda (avqust, sentyabr) bu dinamikada azalma müşahidə olunduğunu deyib və bunun səbəblərini açıqlayıb: “Son aylarda xidmət mərkəzlərinə müraciət edən vergi ödəyicilərinin sayının azalmasının səbəbləri araşdırılarkən belə qənaət yaranıb ki, buna daha çox bir sıra amillər təsir edir. Bu amillərə Vergilər Nazirliyi tərəfindən davamlı şəkildə elektron xidmətlərin təşviqi, yeni elektron xidmətlərin təqdim edilməsi, vergi ödəyiciləri ilə fiziki təmasın məhdudlaşdırılması və daha çox elektron yazışmalara üstünlük verilməsi, elektron sənəd mübadiləsinə qoşulanların, o cümlədən gücləndirilmiş "elektron imza" ("ASAN imza") alanların sayının artması və Departamentin elektron xidmətlərin tətbiqi ilə əlaqədar maarifləndirmə və təbliğat işlərini genişləndirməsi, ayrı-ayrı xidmətlər üzrə videotəlimatlar hazırlayaraq nazirliyin rəsmi internet saytında, KİV-lərdə, sosial şəbəkələrdə yayması, xidmət mərkəzlərinə müraciət edən vergi ödəyicilərinə elektron xidmətlərdən sərbəst istifadə barədə təlimatlandırması və onları özünəxidmətə cəlb etməsi daxildir. Onu da qeyd edim ki, cari ilin 9 ayı ərzində verilmiş “ASAN imza” sertifikatlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 110 651 olub. 2013-cü ildən indiyədək 366 187 "ASAN imza" sertifikatı verilib. Bu ilin ilk 9 ayı ərzində dövlət qeydiyyatına alınmış 8 352 hüquqi şəxsin 5 785-i və yaxud 69,3%-i, eləcə də 943 fiziki şəxs elektron formada vergi uçotuna alınıb”.

Nazirlik rəsmisi deyib ki, təhlil zamanı bu ilin avqust ayında elektron xidmətlərdən istifadə üçün xidmət mərkəzlərinə müraciət etmiş fiziki şəxslərin 66,8%-nin 18-44 yaş arasında olduğu müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi