Vaxtı 1 ildən çox keçmiş kreditlər üzrə faizlər illik 1%-ə endiriləcək

Vaxtı 1 ildən çox keçmiş kreditlər üzrə faizlər illik 1%-ə endiriləcək Bakı. 28 fevral. REPORT.AZ/ “Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmanın ikinci hissəsi bütövlükdə bu gün əhalinin banklar qarşısında mövcud olan borclarının həllinə yönəlib”.
Maliyyə
305
28 Fevral , 2019 16:08
Vaxtı 1 ildən çox keçmiş kreditlər üzrə faizlər illik 1%-ə endiriləcək
Report

Bakı. 28 fevral. REPORT.AZ/ “Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmanın ikinci hissəsi bütövlükdə bu gün əhalinin banklar qarşısında mövcud olan borclarının həllinə yönəlib”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Baş direktoru Rəşad Orucov “Real Tv”yə müsahibəsində bildirib.

“Bu gün banklar qarşısında vaxtı bir ildən çox, yəni 365 gündən çox keçmiş kreditlər varsa və bu kreditin məbləği dollarla 10 min dollara, manatla isə 17 min manata qədərdirsə, bunun üçün də fərmanda mexanizm nəzərdə tutulub. Banklar əhaliyə yeni kredit müqaviləsinin bağlanılmasını təklif edəcəklər. Kreditlərin müddəti 5 ilə qədər uzadılacaq. Fiziki şəxslərə 1 il güzəştli dövr veriləcək. Bu, o deməkdir ki, fiziki şəxslər artıq yeni müqavilə üzrə öhdəliklərini güzəşt alacaqlar, onlar öhdəliklərini ikinci ildən həyata keçirməyə başlayacaqlar. Eyni zamanda bu günə qədər həmin kreditlər üzrə hesablanmış və ödənilməmiş faizlər, dəbbə pulları, cərimələr varsa, onların silinməsi üzrə tədbirlər görüləcək, yəni sıfırlanacaq. Eyni zamanda yeni müqavilə üzrə kredit faizləri cəmi illik 1%-ə endiriləcək. Görürsünüz ki, bu faizlər çox aşağıdır. Bu gün banklarla borcalanlar arasında hansısa məhkəmə mübahisələri varsa, məhkəmə işləri gedirsə, hətta məhkəmə prosesi tamamlanıb və qərarlar icraya yönəldilibsə, bütün bu işlər geri çağırılacaq, dayandırılacaq. Əhalinin üzərində olan məhkəmə qərarları, icraları aradan götürüləcək. Əhali növbəti 5 ilə çox aşağı faizlə, silinmiş faizlə öz öhdəliklərini icra edə biləcəklər”, - deyə R.Orucov vurğulayıb.

AMB rəsmisi əlavə edib ki, problemli kreditlərin restrukturizasiyası üzrə, yəni yeni müddətlərin uzadılması, faizlərin silinməsi üzrə tədbirlər manatla kreditlərə də şamil olunacaq: “Yəni məbləği 17 min manata qədər olan kreditlər də eyni şərtlərlə restrukturizasiya olunacaq. Yəni kreditin qalıq məbləği 17 min manatdırsa və onun vaxtı 1 ildən çox, yəni 365 gündən çox keçibsə, o zaman banklar bu qrup əhalinin də borclarını restrukturizasiya edəcək”.

R.Orucov qeyd edib ki, ilkin hesablamalara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmana əsasən, ümumilikdə, 900 minə yaxın vətəndaş faydalanacaq: “İlkin məlumata görə, məzənnə dəyişməsi nəticəsində təsirə məruz qalan, xarici valyutada krediti olan, təqribən, 450 minə yaxın insan bu fərmanın birinci hissəsindən faydalanacaq. Fərmanın ikinci hissəsindən isə vaxtı keçmiş kreditlərə görə isə 400 min borcalan faydalanacaq”.

Son xəbərlər

Orphus sistemi