Vahid Novruzov: "Azərbaycanda auditdən keçən şirkətlərin sayı ötən il 10-15% artıb"

Vahid Novruzov: "Azərbaycanda auditdən keçən şirkətlərin sayı ötən il 10-15% artıb" Hesabat ilində ölkə üzrə 3 minə yaxın hüquqi şəxs auditdən keçib
Maliyyə
2515
27 Fevral , 2017 10:46
Vahid Novruzov: Azərbaycanda auditdən keçən şirkətlərin sayı ötən il 10-15% artıb

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən təsərrüfat subyektlərinin auditor xidmətinə marağı getdikcə artır. “Report”un məlumatına görə, bu barədə Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

Onun sözlərinə görə, 2016-cı ildə 3 minə yaxın hüquqi şəxs auditdən keçib ki, bu da 2015-ci illə müqayisədə 10-15% çoxdur.

“Ümumiyyətlə, son vaxtlar yerli şirkətlər bacardıqca şəffaf işləməyə, ictimai etimad qazanmağa çalışır. Azərbaycanın bir qədər əvvəl qəbul olunmuş “Strateji Yol Xəritəsi”ndə də əsas istiqamətlərdən biri şəffaflığın artırılması, hesabatlılığın yaxşılaşdırılmasıdır. Buna nail olmadan iqtisadiyyatın dayanıqlı inkışafından, sahibkarların, səhmdarların, sadə vətəndaşların mənafeyinin qorunmasından danışmaq olmaz. Şəffaf olmayan sistem mənfi nəticələrə səbəb olur. Son vaxtlar qəbul olunmuş qanunlarda, milli fəaliyyət proqramlarında da şirkətlərin öz hesabatlarını dərc etdirməsinə, müstəqil auditor rəyi almasına xüsusi diqqət yetirilir”, - deyə V.Novruzov qeyd edib.

Bununla yanaşı, onun sözlərinə görə, hüquqi şəxsləri audit rəyi almağa sövq etmək üçün rəhbərlik etdiyi qurum Vergilər Nazirliyi ilə birgə iş aparır: “Üzvlərimiz olan auditor şirkətlərindən auditdən keçmiş idarə, müəssisə və təşkilatların siyahısını alırıq. Daha sonra Vergilər Nazirliyindən auditdən keçməli olan qurumların siyahısını əldə etdirik. Bununla da, auditdən yayınan müəssisələri müəyyən edirik. Əvvəlcə onlara xəbərdarlıq edirik, SMS-lər göndəririk ki, auditdən keçsinlər. Əks təqdirdə protokol tərtib edirik və onlar barədə məhkəməyə müraciət edirik. Məhkəmə də İnzibati Xətalar Məcəlləsinə əsasən həmin hüquqi şəxsləri cərimələyir”.