Bakı. 16 noyabr. REPORT.AZ/ "Unibank" ASC "UnionPay" beynəlxalq ödəniş sisteminə qoşulub. İndi "UnionPay" ödəniş sisteminin bütün kart sahibləri "Unibank"ın ATM və POS-terminal ekvayrinq xidmətlərindən istifadə edə biləcəklər.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu xidmətlərə bankın ölkə üzrə sayı 80-i keçən bankomat və geniş filial şəbəkəsindən nağd vəsaitin əldə edilməsi, 1 300-dən çox ticarət və xidmət müəssisəsində nağdsız ödənişlərin qəbulu daxildir.
Qeyd edək ki, 2002-ci ildə Çinin milli ödəniş təşkilatı olaraq təsis edilən "China UnionPay", hazırda beynəlxalq ödəniş sistemi statusunu daşıyır. Dünyanın 140-dək ölkəsində xidmət göstərilən və ödəniş kartlarının sayına görə dünya lideri olan "UnionPay" ödəniş sisteminə regionda da tələbatın yaranmasını nəzərə alan "Unibank" gələcəkdə bu təşkilatla əməkdaşlığı daha da genişləndirməyi planlaşdırır.