Bakı. 1 dekabr. REPORT.AZ/ Türkiyənin "T.C. Ziraat Bankası" Azərbaycanda törəmə bankın təsis edilməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət edib. Bu barədə "Report"a AMB-nin mətbuat xidmətindən məlumat verilib.
"Ziraat Bankası" Azərbaycan bank sistemində 1995-ci ildən təmsil olunan ilk xarici kapitallı bankdır. Hazırda "Ziraat Bankası"nın müraciəti AMB-də baxılmaqdadır və cari ilin sonunadək törəmə bankın lisenziyalaşdırılması prosesinin yekunlaşdırılması nəzərdə tutulur.
AMB bankın Azərbaycanda təmsilçilik statusunun dəyişməsinin onun fəaliyyətinin daha da aktivləşməsi və genişlənməsinə imkan verəcəyini, eyni zamanda bunun, bank sektorunda rəqabətin güclənməsinə, biznes və əhalinin bank xidmətlərinə çıxışının artmasına, bütövlükdə iki ölkə arasında iqtisadi əlaqələrin zəruri bank xidmətləri ilə daha geniş şəkildə əhatə olunmasına imkan verəcəyini açıqlayıb.
Xatırladaq ki, 1863-cü ildən fəaliyyət göstərən "T.C. Ziraat Bankası" Türkiyənin ən iri bank təşkilatıdır, aktivlərinin həcmi isə 108 mlrd. ABŞ dolları təşkil edir.