Türkiyənin xarici ticarət dövriyyəsinin mənfi saldosu artıb

Türkiyənin xarici ticarət dövriyyəsinin mənfi saldosu artıb İxracın idxalı təmin etmə əmsalı 72,4% təşkil edib
Maliyyə
28 Fevral , 2017 14:12
Türkiyənin xarici ticarət dövriyyəsinin mənfi saldosu artıb

Bakı. 28 fevral. REPORT.AZ/ Türkiyənin xarici ticarət balansı üzrə 2017-ci ilin yanvar ayında 4,309 mlrd. ABŞ dolları həcmində mənfi saldo yaranıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi ilə Gömrük və Ticarət Nazirliyi tərəfindən hazırlanan ilkin hesabatda qeyd olunub.

Hesabata görə, xarici ticarətin mənfi saldosu illik müqayisədə 10,3% artım göstərib. Belə ki, yanvarda ixrac illik 18,1% artaraq 11,278 mlrd., idxal isə 15,9% artaraq 15,586 mlrd. dollar təşkil edib.

Hesabat dövründə ixracın idxalı təmin etmə əmsalı 72,4% olub. Keçən ilin analoji dövründə bu göstərici 71% təşkil edib. Türkiyə yanvar ayında ən çox ixracı 1,122 mlrd. dollarla Almaniyaya həyata keçirib. İkinci sırada 684 mln. dollarla İraq, daha sonra 676 mln. dollarla İngiltərə, 655 mln. dollarla BƏƏ yer alıb.

İdxalda isə ilk sıranı 1,851 mlrd. dollarla Çin tutub. Onu 1,48 mlrd. dollarla Rusiya, 1,187 mlrd. dollarla Almaniya və 734 mln. dollarla ABŞ izləyir.

Türkiyənin ixrac etdiyi istehsal məhsulları arasında yüksək texnologiya məhsullarının xüsusi çəkisi 2,7%, orta texnologiyalı məhsulların xüsusi çəkisi isə 33,6% təşkil edib. Yüksək texnologiyalı məhsulların məcmu ixracda payı isə 92,9% təşkil edir.

Son xəbərlər

Orphus sistemi