Türkiyənin dövlətə aid əsas şirkətləri "Suveren Fond"un tərkibinə keçib

Türkiyənin dövlətə aid əsas şirkətləri "Suveren Fond"un tərkibinə keçib Dövlət vəsaitinin özəl sektora transferi baş tuta bilər
Maliyyə
6 Fevral , 2017 13:35
Türkiyənin dövlətə aid əsas şirkətləri Suveren Fondun tərkibinə keçib

Bakı. 6 fevral. REPORT.AZ/ Türkiyədə dövlətin mülkiyyətində olan bir sıra müəssisələrin - "Ziraat Bankası"nın, "Borsa İstanbul"un, "BOTAŞ" şirkətinin xəzinədarlığı 100%,  "Türk Telekom" şirkətinin xəzinədarlığının isə 6,68%-lik hissəsi Nazirlər Kabinetinin qərarı ilə  "Suveren Fond"a ötürülüb. 

"Report" türk mətbuatına istinadən xəbər verir ki, bununla yanaşı Müdafiə Nazirliyi yanında Sənayeni Dəstəklənmə Fondunun 3 mlrd. lirəlik (833 mln. ABŞ dolları) vəsaiti də 3 ay müddətinə "Suveren Fond"un istifadəsinə verilib.

Qeyd edək ki, bir müddət əvvəl yaradılan Fondun kapitalının artırılması prosesi davam edir. Milli Lotereya (Milli Piyango), mərc oyunları, at yarışları da bu fndun tərkibində yer alıb. 

"Suveren Fond"un tərkibinə daxil olan şirkətlərdə dövlətin payı aşağıdakı kimi göstərilib:

BOTAŞ: kapitalı 4,15 mlrd. lirə (1,15 mlrd. dollar) - 100%: dövlətə məxsusdur

TPAO (Türk Petrol Anonim Ortaklığı): kapitalı 3 mlrd. lirə (833 mln. dollar) - 100%: dövlətə məxsusdur

"Ziraat Bankası": kapitalı 5 mlrd. lirə (1,39 mlrd. dollar) - 100%: dövlətə məxsusdur

"Posta və Telegraf": kapitalı 981,5 mln. lirə (273 mn. dollar) - 100%: dövlətə məxsusdur

"BİST": kapitalı 423,2 mln. lirə (118 dollar) - 73,6%-i dövlətə məxsusdur

"Türksat": kapitalı 1,47 mlrd. lirə (408 mln. dollar) - 100%: dövlətə məxsusdur

"Eti Maden": kapitalı 600 mln. lirə (167 mln. dollar) - 100% dövlətə məxsusdur

"Çay İşlətmələri": kapital 1,49 mlrd. lirə (414 mln. dollar) - 100% dövlətə məxsusdur

Bundan başqa "Suveren Fond"un mülkiyyətinə Xəzinədarlığa aid 46 daşınmaz əmlak da keçib. Bunların 26-sı Antalyada yerləşir. 

"Report"un analitik qrupu "Suveren Fond"un fəaliyyət sahələrini araşdırıb. Məlum olub ki, Fond yerli və xarici şirkətlərin səhmlərini, Türkiyədə və ondan kənarda emissiya edilmiş borc alətlərinin, qiymətli metallar əsasında emissiya edilmiş kapital bazarı alətlərinin, törəmə maliyyə alətlərinin və s. alqı-satqısını, istənilən maliyyə bazarı əməliyyatlarını, daşınmaz əmlak əməliyyatlarını həyata keçirə bilər, hər cür layihələrin inkişafı və dəstəklənməsi, layihəyə xaricdən maliyyə dəstəyinin təmin edilməsi, daxili və xarici bazarların ilkin və təkrar seqmentində ticarət fəaliyyəti ilə məşğul ola bilər.

Analitik qrup hesab edir ki, "Suveren Fond"un əsas mahiyyəti xəzinədarlıqla eyni olsa da dövlət tərəfindən əlavə xərc qoyuluşunuj təmin edəcək. Belə ki, daha əvvəl hazırda Fondun balansına keçən iri şirkətlər öz maliyyə vəsaitləri ilə müxtəlif banklara və ya kapital bazarlarına investisiya edirdilərsə, bundan sonra bu vəsaitlər müxtəlif infrastruktur layihələrində büdcə xərclərinə dəstək kimi istifadə oluna biləcək. Fondun əsas vəzifəsinin iqtisadi artımı dəstəkləmək olacağı ehtimal edilir. Nəticədə, dövlət vəsaitinin özəl sektora transferi baş tutacaq.

Son xəbərlər

Orphus sistemi