​Türkiyədə dolların məzənnəsi tarixi maksimuma çatıb

​Türkiyədə dolların məzənnəsi tarixi maksimuma çatıb "Report": Türk lirəsinin ucuzlaşması davam edəcək
Maliyyə
14 Aprel , 2015 18:06
​Türkiyədə dolların məzənnəsi tarixi maksimuma çatıb

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün Türkiyədə ABŞ dollarının lirəyə qarşı məzənnəsi yeni tarixi maksimuma çatıb və 2,68 TRY/USD təşkil edib. 

"Report" xəbər verir ki, son bir həftədə türk lirəsi 4%-ə yaxın zəifləyib. Beynəlxalq maliyyə bazarlarında dolların digər valyutalara qarşı möhkəmlənməsi lirəyə də təsir edib.

Qeyd edək ki, dünyanın 6 əsas valyutasına nəzərən məzənnəni göstərən dollar indeksi də maksimum səviyyəyə yaxın yerdədir. Hazırda 99,74 olan dollar indeksi bundan öncə, martın 13-də 100,77 bənd ilə maksimum səviyyədə olub.

Təhlilçilər türk lirəsinin gözlənildiyindən daha çox zəiflədiyini bildirirlər və bunu Türkiyədə parlament seçkilərinin yaxınlaşması ilə əlaqələndirirlər. Qeyd edək ki, iyunun 12-də Türkiyədə parlament seçkiləri keçiriləcək. Xeyli gərgin keçəcəyi bildirilən bu seçkilərdən sonra ölkə iqtisadiyyatının hansı qüvvələr tərəfindən idarə ediləcəyi naməlumdur. Belə ki, hazırda baş nazirin müavini, iqtisadiyyat naziri Əli Babacanın bu vəzifədən tezliklə gedəcəyi ilə bağlı xəbərlər yayılıb. Bu da öz növbəsində maliyyə bazarları tərəfindən neqativ qarşılanır.

"Report" agentliyinin analitik qrupu hesab edir ki, türk lirəsi seçkilərə qədər zəifləməyə davam edəcək və 2,70-2,75 TRY/USD səviyyəsinə çatacaq. Seçkilərdən sonra isə məzənnənin dolların dünya bazarındakı vəziyyətinə uyğun olaraq dəyişəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi