Bu həftə Azərbaycan sığortaçıları Türkiyənin İstanbul şəhərində keçirilmiş sayca 12-ci sığorta həftəsi çərçivəsində "Beynəlxalq Sığorta Zirvəsi"ndə iştirak etdilər.
Tədbir aktual istiqamət olan "Fəlakət riskləri və sığorta: Fəlakətlərin təsirlərinin azaldılmasında sığortaçıların rolu" mövzusuna həsr olunmuşdu.
Zirvənin təşkilatçısı olan Türkiyə Sığorta Birliyinin İcraçı direktoru Özgür Obalı "Report"a müsahibə verib:
- Özgür bəy, Türkiyədə zəlzələdən sonra sığorta sektoru dəymiş ziyanın ödənilməsi ilə bağlı hansı addımlar atdı, hazırda bu sahədə vəziyyət necədir?
- İlk növbədə onu deyim ki, zəlzələdən biz özümüz üçün ciddi nəticələr çıxardıq. Bu müddətdə bir daha əmin olduq ki, sığorta təminatı ən vacib şeylərdən biridir. Sığortanın yığımdan çox, dəyər qazandıran sahə olduğunu və paylaşma kanallarımızda bu barədə məlumatlılığın artırılmasının vacib olduğunu başa düşdük. Xüsusilə, sığorta agentləri və brokerləri real müştəriləri və şirkət işçilərini, ümumilikdə vətəndaşları doğru məlumatlandırmalı, ödənilən tarifin qarşılığında əldə olunacaq təminat, sığorta müqaviləsinin hansı risklərə təninat verib-verməyəcəyini onlara bildirməlidir.
Türkiyədə zəlzələdən sonra sığorta sektorunda heç zaman müşahidə etmədiyimiz səmimi bir əməkdaşlıq mühiti formalaşdı. Dünənə qədər rəqabət aparan bütün şirkətlər bölgəyə yardım məqsədilə birləşdi. Ona görə də ilk mərhələdə sığortalıların maddi itkilərini təmin etmək məqsədilə bizim başlıca hədəfimiz zərərlərin operativ şəkildə ödənilməsi oldu. Bəzi riskləri qəbul edərək prosesi sürətləndirmək üçün tədbirlər gördük. Biz sığorta standartlarından fərqli düşünərək bu problemləri tez zamanda həll etməyi hədəfləmişik.
- Türkiyənin sığorta bazarı iştirakçıları arasında Azərbaycan bazarına daxil olmaqla bağlı müraciətlər, istəklər, təşəbbüslər olurmu?
- Bəli, bu yöndə istəklər var. Azərbaycanla başlayan və digər türk dövlətlərinin cəlb olunması ilə davam edən əməkdaşlıq münasibətləri, habelə bu istiqamətdə imzalanan memorandumlar haqqında məlumatlı olan şirkətlər bizə Azərbaycanın sığorta bazarına daxil olmaqla bağlı müraciətlər ediblər və biz onları aidiyyəti üzrə yönləndirmişik. Razılaşarsınız ki, bu kimi addımların reallaşdırılması üçün müəyyən vaxta ehtiyac var.
Bizdə olan məlumatlara görə, Türkiyədə fəaliyyət göstərən, aralarında iri şirkətlərin də olduğu 4-5 sığortaçı Azərbaycanda birbaşa və yaxud ortaqlıq şəklində fəaliyyət göstərmək üçün ciddi bazar araşdırmaları da aparırlar.
- Azərbaycanla Türkiyənin sığorta sektorları arasında əlaqələri və bazarlar arasındakı münasibətləri necə qiymətləndirirsiniz?
- Təbii ki, ən üst səviyyədə prezidentlərimizin bir-birinə olan münasibətləri, ölkələrimizin ortaq maraqları, bütün bunların fonunda hər zaman qürurla söylədiyimiz "Bir millət, iki dövlət" şüarı ilə qardaş ölkə Azərbaycanla hər sahədə əməkdaşlıqda həm maraqlıyıq, həm də bundan böyük sevinc hissi duyuruq. Bu mənada sığorta sektoru da bundan öz payını götürür. Yəni bütün sahələrdə mövcud olan əməkdaşlığın sığorta sahəsində də təmin olunması bizi çox sevindirir.
Qarşıdakı dövrdə biz Azərbaycanla əlaqələrimizi daha da gücləndirmək niyyətindəyik.