Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanın "Turan Bank" ASC və ECO Ticarət və İnkişaf Bankı arasında kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə (KOS) dair kredit sazişi imzalanıb. Sənədə əsasən, ECO Ticarət və İnkişaf Bankı "Turan Bank"a 4 il müddətinə 3 mln. ABŞ dolları həcmində kredit ayıracaq.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, bununla da "Turan Bank"ın müştərək layihələr həyata keçirdiyi xarici tərəfdaşları sırasına ECO Ticarət və İnkişaf Bankı da qatılıb.
ECO Ticarət və İnkişaf Bankının üzv dövlətləri Azərbaycan, İran, Pakistan, Əfqanıstan və Türkiyədir. Bank, region ölkələrində ictimai və özəl sahələrin maliyyə ehtiyaclarını qarşılamaqla dövlət və özəl sektorlarda davamlı iqtisadi inkişafı və regional inteqrasiyanı dəstəkləyir.
Bank, yerli qurumlardan Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə yanaşı, beynəlxalq maliyyə qurumlarından ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Dünya Bankı Qrupu (World Bank Group), o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), eyni zamanda Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), İslam İnkişaf Bankı qrupu, o cümlədən Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Beynəlxalq Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası (ITFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), "WorldBusinessCapital/OPIC", "Bank im Bistum Essen", "Societte Generale", "Mikrofinanzfonds", "Cyrano Management", "Sus Bee Microfinance", BCP, "CommerzBank", "Ziraat Bank", "Bank Asiya" və "KüveytTürk Bankı"ndan cəlb etdiyi vəsaitlər hesabına Azərbaycanın müxtəlif regionlarında iqtisadiyyatın real sektorunun kreditləşdirilməsini nəzərə çarpacaq dərəcədə artırıb, kiçik və orta sahibkarlıq subyektlərinin mövcud bizneslərini inkişaf etdirmək və yeni biznes sahələrinə investisiya qoyuluşunu stimullaşdırmaq məqsədilə maliyyə dəstəyini gücləndirib.