Bakı. 30 avqust. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Tərtər rayonunda Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə əlaqədar işlərə başlanılıb. Bu gün Tərtər rayonunda maarifləndirmə işləri ilə bağlı regional işgüzar forum keçirilib.
“Report” bu barədə komitəyə istinadən xəbər verir.
Məlumatda deyillir ki, sistemin və rəqəmsal kadastr xəritələrinin yaradılması torpaqların elmi əsaslarla səmərəli istifadəsi üçün imkanlar yaradacaq. Hər bir torpaq sahəsi və onun üzərindəki daşınmaz əmlaklar barəsində dəqiq məlumatların əldə edilməsi sonradan onların qeydiyyatı prosesini sadələşdirəcək.
Torpaq uçotu işlərinin yekununda kənd təsərrüfatı istehsalatının ərazi üzrə düzgün planlaşdırılması, eroziya, sürüşmələr kimi proseslərin düzgün qiymətləndirilməsi, habelə torpaqların mənfi təsirlərdən qorunması məqsədi ilə layihələndirmə işlərinin aparılması üçün imkanlar yaradılacaq. Tərtər rayonunda torpaq uçotu işlərinin 2018-ci ildə yekunlaşması nəzərdə tutulur.
Qeyd edəkl ki, artıq 12 rayonda elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb. Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. 2017-ci ildə 3 respublika tabeli şəhərdə və 14 kənd rayonunda torpaqların elektron uçota alınması işinin yekunlaşdırılması planlaşdırılır. 2020-ci ilədək isə ölkə ərazisinin bütün torpaqlarında kəmiyyət və keyfiyyət göstəricilərinə görə uçot işinin yekunlaşdırılması nəzərdə tutulur.

