“Törəmə maliyyə alətlərinin yerləşdirilməsi və tədavülü Qaydası” təsdiqlənib

“Törəmə maliyyə alətlərinin yerləşdirilməsi və tədavülü Qaydası” təsdiqlənib Bu qayda törəmə maliyyə alətlərinin standartlaşdırılmış formada fond birjası vasitəsilə yerləşdirilməsi və tədavülü qaydasını müəyyən edir
Maliyyə
8 Yanvar , 2016 19:29
“Törəmə maliyyə alətlərinin yerləşdirilməsi və tədavülü Qaydası” təsdiqlənib

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı “Törəmə maliyyə alətlərinin yerləşdirilməsi və tədavülü Qaydası”nın təsdiq edilməsi barədə qərar imzalayıb.

"Report"un xəbərinə görə, bu qayda törəmə maliyyə alətlərinin standartlaşdırılmış formada fond birjası vasitəsilə yerləşdirilməsi və tədavülü qaydasını müəyyən edir.

Törəmə maliyyə alətlərinin yerləşdirilməsi fond birjasının elektron ticarət sistemində həyata keçirilir. Maliyyə alətinin standartlaşdırılmış formasında baza aktivi, törəmə maliyyə alətinin növü, törəmə maliyyə alətinin dəyəri (olduqda), törəmə maliyyə alətinin tədavül müddəti (ilk və son gün), törəmə maliyyə alətinin icra günü (olduqda), törəmə maliyyə alətinin icra üsulu (baza aktivinin çatdırılması və ya hesablaşmalar üsulu ilə), qiymətin müəyyən edilmə üsulu, qiymət addımı (müqavilənin qiymətində ən az qiymət dəyişikliyi), gündəlik qiymət dəyişikliyin hədləri (ən aşağı və ən yuxarı hədd), ilkin marjanın məbləği, opsionlar üçün baza aktivini almaq və ya satmaq hüququnun istifadə edilməsi zamanı baza aktivinin qiyməti, opsionun növü (opsion üzrə verilən hüququ tədavül müddəti ərzində və ya tədavül müddətinin sonunda istifadə etmək imkanı), opsionun sinfi (opsion üzrə verilən satmaq və ya almaq hüququ), əməliyyat haqları təsbit olunmalıdır.

Törəmə maliyyə alətlərinin tədavülü fond birjasının daxili ticarət qaydalarında müəyyən edilir.

Fond birjası törəmə maliyyə alətlərindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə hesablaşmaların aparılmasını təmin edən klirinq təşkilatı ilə müqavilə bağlamalıdır.

Törəmə maliyyə alətlərinin ticarəti zamanı marketmeyker fəaliyyətinin həyata keçirilməsi qaydaları birja tərəfindən müəyyən edilir.

Maliyyə alətlərinin alğı-satqısı fond birjasının törəmə maliyyə alətləri bazarının üzvlərinin vasitəçiliyi ilə həyata keçirilir.

İnvestisiya şirkəti müştəridən sifarişi qəbul etməzdən əvvəl törəmə maliyyə alətləri haqqında mövcud olan risklər barədə ona məlumat verməlidir.

İnvestisiya şirkəti tərəfindən təqdim edilən məlumat törəmə maliyyə alətlərinə dair risklərin təsviri alətin növünü nəzərə almaqla törəmə maliyyə aləti ilə bağlı risklər, riskin nəticələri və investisiyanın tamamilə itirilə bilməsi riski barədə məlumatı, törəmə maliyyə alətinin qiymət volatilliyi (dəyişkənliyi) barədə məlumatı, tətbiq edilən marja tələbləri və ya oxşar öhdəlikləri əhatə etməlidir.

Fəaliyyəti dayandırılan və ya ləğv edilən birja üzvlərinin açıq mövqelərinin digər birja üzvlərinə verilməsi birjanın razılığı ilə klirinq təşkilatı tərəfindən həyata keçirilir.

Törəmə maliyyə alətlərindən irəli gələn hüquqların istifadə edilməsinin əsasları, hədləri birjanın razılığı ilə klirinq təşkilatı tərəfindən müəyyən olunur.

Son xəbərlər

Orphus sistemi