Tbilisidə 3 mln. manatlıq regional layihənin bağlanış mərasimi keçirilib

Tbilisidə 3 mln. manatlıq regional layihənin bağlanış mərasimi keçirilib Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Tbilisidə (Gürcüstan) BMT-nin İnkişaf Proqramının Azərbaycan və Gürcüstan nümayəndəlikləri tərəfindən 2015-ci ildən bəri birgə həyata keçirilən regional layihənin bağlanış mərasimi keçirilib.
Maliyyə
14 sentyabr 2018 13:24
Tbilisidə 3 mln. manatlıq regional layihənin bağlanış mərasimi keçirilib
Report

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Tbilisidə (Gürcüstan) BMT-nin İnkişaf Proqramının Azərbaycan və Gürcüstan nümayəndəlikləri tərəfindən 2015-ci ildən bəri birgə həyata keçirilən regional layihənin bağlanış mərasimi keçirilib. 

“Report”a daxil olan məlumata görə, “Sınıq Körpü” Sərhəd-Keçid Məntəqəsində insanların və malların təhlükəsiz və qanuni şəkildə hərəkətini asanlaşdırmaq məqsədi daşıyan bu layihə Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı” proqramının “Flaqman Təşəbbüsü”nün bir hissəsi kimi həyata keçirilir və Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti və Azərbaycan Dövlət Gömrük Komitəsi kimi iki strateji tərəfdaşla sıx əməkdaşlıq çərçivəsində idarə olunur.

Ümumi büdcəsi 2,66 mln. avro olan bu təşəbbüsə Avropa İttifaqı tərəfindən 2,128 mln. avro, Azərbaycan və Gürcüstan hökumətləri tərəfindən isə birlikdə 532 min avro məbləğində vəsait ayrılıb.

Gürcüstan və Azərbaycan hökumətlərini sərhəd təhlükəsizliyinin qorunmasını dəstəkləmək məqsədi daşıyan bu layihədə iki ölkə, eyni zamanda Aİ-yə üzv dövlətlər arasında ikitərəfli və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verilib. Layihə çərçivəsində ön planda tutulan iki əsas sahəyə Azərbaycanda və Gürcüstanda sərhəd idarəçiliyi orqanlarının imkanlarının genişləndirilməsi və Qırmızı Körpünün hər iki tərəfində hərəkətin asanlaşdırılmasını və təhlükəsizliyin artırılmasını dəstəkləmək üçün infrastruktur və avadanlıqların təmin olunması daxil olub.

Bu gün Tbilisidə layihənin bağlanış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib ki, Avropa İttifaqının BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə birlikdə dəstəklədiyi və həyata keçirdiyi bu flaqman təşəbbüsü Azərbaycan və Gürcüstan dövlətlərinin gömrük orqanları arasında əlaqələndirməni artıq gücləndirib: "Sözügedən birgə fəaliyyət regional əməkdaşlığı inkişaf etdirir, prosedurların asanlaşdırılmasına kömək edir və ticarət imkanlarını artırır. Aİ-nin yardımı ilə “Sınıq Körpü” Asiya və Avropa arasında qlobal əlaqələndirmənin mühüm elementinə çevrilməkdədir”.

Açıqlamada deyilir ki, keçmişdə Azərbaycanın Sərhəd Keçid Məntəqəsi xaricində təhlükəsiz gömrük rəsmiləşdirilməsi sahəsinin olmaması səbəbindən malların dərhal rəsmiləşdirilə bilməməsi bütün digər yüklərin də hərəkətini ləngidib: “Qırmızı Körpü layihəsinin köməyi ilə ikinci dərəcəli yoxlamaların həyata keçirilməsinə və sərhəddə hərəkətin asanlaşdırılmasına imkan verən təhlükəsiz hərəkət sahəsi yaradılıb. Ən əsası odur ki, layihənin reallaşdırılması sayəsində yüklərlə bağlı prosedurların icrasına sərf olunan vaxt artıq əhəmiyyətli dərəcədə azalmışdır. Elə təkcə Azərbaycanda Dövlət Gömrük Komitəsinin 70-dən çox əməkdaşına gömrük nəzarəti prosedurları, fitosanitariya, sanitariya, baytarlıq və qida təhlükəsizliyi məsələləri ilə bağlı sərhəd nəzarəti üzrə Aİ-nin qabaqcıl standartlarına uyğun təlimlər keçirilmiş, Sərhəd Keçid Məntəqəsində işləyən 250-dən çox müfəttiş isə Aİ-nin Latviya, Litva və Polşadan olan ekspertlərinin rəhbərliyi ilə təşkil olunan bacarıqların artırılması üzrə 10 təlim proqramında iştirak etmişdir. Ümumilikdə Azərbaycan Dövlət Gömrük Komitəsinin 300-dən artıq əməkdaşı layihə çərçivəsində təşkil olunan 20 bilik mübadiləsi tədbirinə qatılıb. Bu fəaliyyətlər eyni vaxtda Gürcüstanda da həyata keçirilib”.

Layihənin bağlanış mərasimi ilə yanaşı, bu gün həmçinin sərhədin Gürcüstan tərəfində fəaliyyət göstərəcək müasir avadanlıqlarla təchiz olunmuş yeni sanitar, baytarlıq və fitosanitar nəzarət məntəqəsinin istifadəyə verilməsi və Qırmızı Körpünün Azərbaycan hissəsində yeni gömrük terminalının açılışı qeyd olunub.

Bu mühüm layihənin nəticələrindən söz açan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-in rezident nümayəndəsi Qulam İsakzai effektiv sərhəd idarəçiliyi Dayanıqlı İnkişaf Məqsədləri ilə sıx şəkildə əlaqəli olduğunu və o, ölkələrə hüquqları müdafiə etməklə və sərhəddən keçən şəxslərin üzləşdikləri çətinliklərin sayını azaltmaqla öz milli təhlükəsizliklərini beynəlxalq hüquqa uyğun qaydada yaxşılaşdırmaq imkanı verdiyini bildirib.   

Son xəbərlər

Orphus sistemi