Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daxili bazar üçün buraxdığı SOCAR istiqrazlarının qiyməti yenidən yüksəlib.
İstiqrazların təkrar bazarı üzrə market-meyker "PSG Kapital" şirkətindən "Report"a verilən məlumata görə, hazırda SOCAR istiqrazlarını birjada 1 005 dollara satmaq, 1 008 dollara almaq olar.
Xatırladaq ki, nominal qiyməti 1 000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollar təşkil edir. Faizlər ildə 4 dəfə - 3 aydan bir ödənilir. İstiqraz sahiblərinə ilk faizlər (hər istiqraza görə 12,5 dollar) yanvarın 17-də ödənilib. Gəlirlərin növbəti hissəsi isə 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərindəki faiz ödənişləri zamanı veriləcək.
"PSG Kapital" şirkətindən bildirilib ki, istiqrazların sürətlə bahalaşması faiz ödənişlərinin yaxınlaşması ilə əlaqədardır. Belə ki, aprelin 17-də istiqrazlar üzrə növbəti faizlər ödəniləcək. Bəzi alıcılar da faiz ödənişlərindən gəlir götürmək üçün həmin vaxtadək istiqrazları almağa çalışırlar. Məhz buna görə, son vaxtlar istiqrazların satışı xüsusilə sürətlənib. Təkcə son bir həftədə təkrar bazarda 2,75 mln. dollarlıq SOCAR istiqrazı alınıb-satılıb.
Xatırladaq ki, SOCAR istiqrazları Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlardır. Belə ki, bu ilin ilk iki ayında birjada 29,4 mln. dollarlıq istiqraz alınıb satılıb ki, bu da ümumi istiqraz bazarının 76,2%-i deməkdir. SOCAR istiqrazlarının buraxılmasından keçən müddət ərzində indiyədək 69,1 mln. dollarlıq istiqraz ticarəti edilib.
