SOCAR ilk avrobond emissiyasının ödənişini fevralda yekunlaşdıracaq

SOCAR ilk avrobond emissiyasının ödənişini fevralda yekunlaşdıracaq Şirkət hazırda 500 mln. dollarlıq kreditin cəlb olunması ilə bağlı danışıqlar aparır
Maliyyə
17 Yanvar , 2017 15:07
SOCAR ilk avrobond emissiyasının ödənişini fevralda yekunlaşdıracaq

Bakı. 17 yanvar. REPORT.AZ/ SOCAR-ın 2012-ci ildə London Birjasında yerləşdirdiyi 500 mln. ABŞ dolları məbləğində, 5 illik ilk avrobond emissiyasının əsas məbləğinin ödənişi fevralın 18-dək tamamlanacaq.

“Report” xəbər verir ki, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, 500 mln. dolların 403 mln. dolları artıq ödənilib, 97 mln. dolların ödənilməsi istiqamətində iş aparılır: “SOCAR olaraq ilk avrobondun əsas məbləğinin ödənilməsi istiqamətində əməli işlərə başlamışıq. Fevral ayının 18-dək 500 mln. dolların tam ödənişi başa çatdırılacaq”.

Qeyd edək ki, ilk dəfə 2012-ci ilin fevral ayında SOCAR London Fond Birjasında avroistiqrazlar emissiyasını yerləşdirib. Buraxılışın həcmi 500 mln. dollar, istiqrazların dövriyyə müddəti 5 il, illik gəlirliyi 5,45% təşkil edir.

S.Qasımov həmçinin qeyd edib ki, hazırda 500 mln. dollar məbləğində kredit cəlb olunması ilə bağlı danışıqlar aparılır. Onu sözlərinə görə, banklarla müqavilələrin imzalanması istiqamətində işlər görülür: “Bu məbləğin ilk 100 mln. dolları "Deutsche Bank"dan (Almaniya) ayın sonuna kimi reallaşdırılacaq. Həmin vəsait ilk avorobondun qalan 97 mln. dollarlıq hissəsinə sərf olunacaq”.

SOCAR-ın vitse-prezidenti əlavə edib ki, alman bankı sindikatlaşdırılmış kredit təklif edib, lakin SOCAR ayrı-ayrı banklardan vəsait cəlb edəcək.

Onun sözlərinə görə, cəlb ediləcək vəsaitdən digər 100 mln. dollar isə “STAR” layihəsinə SOCAR-ın növbəti ödənişləri üçün istifadə olunacaq.

S.Qasımov digər vəsaitin isə il ərzində əsas kreditlərin qaytarılması üçün istifadə olunacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi