SOCAR istiqrazları üzrə üçüncü faiz ödənişi həyata keçirilib

SOCAR istiqrazları üzrə üçüncü faiz ödənişi həyata keçirilib SOCAR istiqrazları öz sahiblərinə indiyədək toplam 3,75 mln. dollar gəlir gətirib
Maliyyə
17 İyul , 2017 12:31
SOCAR istiqrazları üzrə üçüncü faiz ödənişi həyata keçirilib

Bakı. 17 iyul. REPORT.AZ/ Bu gün SOCAR istiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib.

“Report”un “SOCAR Capital” şirkətinin məlumatına əsasən verdiyi xəbərə görə, bu gün SOCAR istiqrazlarının sahiblərinin bank hesablarına hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1,25 mln. dollar vəsait köçürülüb.

Xatırladaq ki, bu, SOCAR istiqrazları üzrə artıq üçüncü faiz ödənişidir. Əvvəlki faiz ödənişləri 17 yanvar və 17 aprel tarixlərində baş tutub. İyulun 17-də həyata keçirilən faiz ödənişini də nəzərə aldıqda, SOCAR istiqrazları öz sahiblərinə indiyədək 3,75 mln. dollar gəlir gətirib.

SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, SOCAR istiqrazları üzrə faiz ödənişlərinin qrafikə uyğun olaraq həyata keçirilməsi şirkətin sabit maliyyə vəziyyətinin və öhdəliklərinə intizamlı şəkildə əməl olunmasının göstəricisidir: “Bir qədər əvvəl açıqlanan 2016-cı ilin maliyyə nəticələri SOCAR-ın maliyyə durumunun kifayət qədər sabit və etibarlı olduğunu bir daha göstərdi. Digər fəaliyyətləri ilə yanaşı, kapital bazarlarının da aktiv iştirakçısına çevrilmiş SOCAR, istiqrazlara yatırım edən investorların etimadını doğrultmağa böyük önəm verir. Faiz ödənişləri 11 iyul tarixində artıq Milli Depozit Mərkəzinin hesabına göndərilmişdi ki, investorlarımız heç bir problemlə üzləşməsinlər və vaxtlı-vaxtında vəsaitlərini götürə bilsinlər”.

Vitse-prezidentin sözlərinə görə, SOCAR istiqrazları üzrə əməliyyatların şəffaflığı və rahatlığı, eləcə də, faiz ödənişlərinin qrafikə uyğun aparılması nəticəsində əhali və hüquqi şəxslər tərəfindən istiqrazlara böyük maraq formalaşıb: “Bu sadalanan xüsusiyyətlər, eləcə də, yüksək gəlirliliyi və likvidliyi sayəsində SOCAR istiqrazları hazırda ölkədə ən əlverişli və sərfəli investisiya alətinə çevrilib. İstiqrazların buraxılmasında əsas məqsədlərdən biri ölkə vətəndaşlarının istifadəsiz saxladıqları pulların iqtisadiyyata cəlb edilməsi olsa da, hazırda hüquqi şəxslər də SOCAR istiqrazlarına investisiya edərək, onun üstünlüklərindən faydalanırlar”.

Hazırda SOCAR istiqrazları ölkənin qiymətli kağızlar bazarında ən çox alınıb-satılan maliyyə alətidir. Qiyməli kağızlar bazarında SOCAR istiqrazlarına güclü tələbat müşahidə olunur. Təkrar bazarda dövriyyəyə buraxıldığı vaxtdan indiyədək istiqrazlar üzrə əməliyyatlarının həcmi 90 mln. dolları keçib. Təkcə 2017-ci ilin 6 ayı ərzində ümumi məbləği 52 mln. dollara yaxın olan 51 620 ədəd istiqraz alınıb-satılıb. Bu dövrdə Bakı Fond Birjasında bütün istiqrazlar üzrə təkrar bazar əməliyyatlarının 82%-i SOCAR istiqrazlarının payına düşüb. SOCAR istiqrazlarına fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər tərəfindən də böyük maraq müşahidə olunur.

SOCAR-ın qiymətli kağızlarla əməliyatlar üzrə baş məsləhətçisi Ali Ağaoğlu bildirib ki, istiqrazlara olan yüksək tələbat SOCAR-ın qiymətli kağızlarla bağlı gələcək planlarında da nəzərə alınacaq: “SOCAR istiqrazları Azərbaycan maliyyə bazarlarının inkişafı üçün çox uğurlu bir təcrübə oldu. Bu təcrübə sayəsində bazarın bütün tərəfləri arasında əlaqələrin genişlənərək qüvvətlənməsi ilə yanaşı, infrastrukturun müntəzəm çalışması baxımından da mühüm nailiyyətlər əldə edildi. Qazanılan bu təcrübələr həm SOCAR-ın növbəti yeni emissiyaları, həm də digər qurumların da bu bazara daxil ola bilmələri üçün münasib şəraitin formalaşdırılması baxımından əhəmiyyətlidir. Eyni zamanda, bu addım ölkə üçün də mühüm əhəmiyyət kəsb edir”.

Təkrar bazarda SOCAR istiqrazlarını Azərbaycan vətəndaşları və şirkətləri ilə yanaşı, xarici fiziki və hüquqi şəxslər də ala bilərlər. Ötən müddət ərzində qiymətli kağızlara xarici investorlar tərəfindən də böyük maraq müşahidə olunub. Hazırda SOCAR İstiqrazı almış xarici investorlar arasında Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər ölkələrin vətəndaşları var.

İstiqrazların əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1 000 dollardan aşağı düşmür və onları dərhal nağd pula çevirmək mümkündür.

Qeyd edək ki, SOCAR istiqrazları 2016-cı ilin sentyabrında 100 mln. dollar həcmdə 5 illik müddətə buraxılıb. Yerli fiziki və hüquqi şəxslərin iştirak etdiyi ilkin abunə yazılışı zamanı istiqrazlara 203 mln. dollarlıq, yəni iki dəfədən artıq tələb gəlib. Oktyabrın 17-dən etibarən SOCAR istiqrazlarının təkrar bazar dövriyyəsi başlayıb.

Nominal qiyməti 1 000 dollar olan istiqrazların illik gəlirliliyi 5% və ya ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir. Faizlər 17 yanvar, 17 aprel və 17 iyul tarixlərində ödənilib. Növbəti faiz ödənişi isə 17 oktyabr tarixində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi