Bakı. 7 aprel. REPORT.AZ/ SOCAR istiqrazları üzrə növbəti faizlər aprelin 17-də ödəniləcək.
“Report” xəbər verir ki, “SOCAR Capital” şirkətinin məlumatına görə, həmin tarixdə istiqraz sahibləri hər istiqraza görə 12,5 dollar gəlir əldə edəcəklər. Ümumilikdə, istiqraz sahiblərinə 1,250 mln. dollar ödəniləcək.
Faizlər istiqraz sahiblərinin bank hesablarına köçürüləcək və onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.
Xatırladaq ki, nominal qiyməti 1 000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollardır. Bu hesabla istiqraz sahibləri ildə toplam 5 mln. dollar qazanırlar. Faizlər hər 3 aydan bir ödənilir. İlk faizlər yanvarın 17-də ödənilib.
SOCAR istiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1 000 dollardan aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür.
Hazırda SOCAR istiqrazlarını təkrar bazardan almaq üçün 1 və 5 saylı "ASAN Xidmət" mərkəzlərinə və ya *1999 Qaynar Xəttinə müraciət etmək olar.