Beynəlxalq arenada mövcud olan siyasi gərginlik fonunda qızılın qiyməti artıb.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,12%, yaxud 2,1 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 801,4 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,66% artaraq, 1 unsiyası 22,54 ABŞ dolları təşkil edib.
Mürəkkəb və şübhəli vəziyyətlərdə investorlar qızıl almağa üstünlük verirlər. Son zamanlar Ukrayna və Rusiya arasında mövcud geosiyasi gərginlik bu cür aktivlərə tələbi dəstəkləyir.
Avropa və Böyük Britaniya mərkəzi banklarının iclası da investorların diqqət mərkəzindədir. Belə ki, uçot dərəcələri artırılacağı tədbirdə milli valyutalar bahalaşacaq, qiymətli metallar isə ucuzlaşacaq.