“Silkwaybank”ın xalis mənfəəti 3% artıb

“Silkwaybank”ın xalis mənfəəti 3% artıb Bakı. 30 yanvar. REPORT.AZ/ “Silkwaybank” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 480,383 mln. manat təşkil edib.
Maliyyə
30 yanvar 2018 10:40
“Silkwaybank”ın xalis mənfəəti 3% artıb
Report

Bakı. 30 yanvar. REPORT.AZ/ “Silkwaybank” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 480,383 mln. manat təşkil edib.

“Report” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 18,9% çoxdur.

“Silkwaybank”ın aktivlərinin 408,215 mln. manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. 2017-ci ildə bankın kredit portfeli 9,6% böyüyüb.

Hesabat dövründə “Silkwaybank”ın cəmi öhdəlikləri 23,8% artaraq 356,09 mln. manata, o cümlədən depozit portfeli 42,2% artaraq 241,813 mln. manata çatıb. Bunun 201,233 mln. manatı fiziki şəxslərin depozitləri, 40,58 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Ötən il əhalinin bankdakı əmanətləri 29%, şirkətlərin vəsaitləri isə 2,9 dəfə artıb.

Kredit təşkilatı Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyini isə 22,% azalaraq 17,5 mln. manata endirib.

İl ərzində “Silkwaybank”ın cəmi kapitalı 6,7% artaraq 124,293 mln. manat, nizamnamə kapitalı isə 3% artaraq 104,601 mln. manat olub.

2017-ci ildə “Silkwaybank”ın faiz gəlirləri 27,804 mln. manat (2016-cı ilə nisbətən 6% çox), faiz xərcləri 11,751 mln. manat (10,5% az), qeyri-faiz gəlirləri 18,612 mln. manat (11,2% çox), qeyri-faiz xərcləri isə 25,31 mln. manat (93,5% çox) təşkil edib. Son nəticədə bankın xalis əməliyyat mənfəəti 9,355 mln. manat olub ki, bu da illik müqayisədə 44,2% azdır.

Ötən il “Silkwaybank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına əvvəlki illə müqayisədə 51,5% az – 7,214 mln. manat vəsait ayırıb, 68,2% çox – 540 min manat isə mənfəət vergisi ödəyib. Bununla da, bank 2017-ci ili 1,6 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 2,6% çoxdur.

Xatırladaq ki, "Silkway Bank" 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən "Azal Bank"ın hüquqi varisidir. Bankın səhmlərinin 69,68%-i Zərifə Həmzəyevaya, 30%-i daxil olduğu “Silkway Holding” MMC-nin tərkibindəki “VİP Aviasiya Xidmətləri” MMC-yə, 0,32%-i isə Elçin Eldar oğlu Əhmədova (Bankın Müşahidə Şurasının sədri) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi