Bakı. 13 yanvar. REPORT.AZ/ “Silkway Insurance” ASC-nin yığımları 2016-cı ildə 19 148 017 manat təşkil edib.
Şirkətdən “Report”a verilən məlumata görə, bu, 2015-ci illə müqayisədə 9,08% çoxdur.
Hesabat dövründə “Silkway Insurance”in ödənişləri də artıb. Belə ki, şirkət il ərzində 2 653 177 manat ödəniş edib və bu, əvvəlki ilə nisbətən 4,18 dəfə çoxdur.
Ötən il “Silkway Insurance” topladığı hər 100 manat sığorta haqqının 13,86 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ildə 3,62% olub.
Xatırladaq ki, "Silkway Insurance" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 844 manat olan 17 500 səhm əsasında formalaşıb. Səhmlərin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silkway Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.