Sığorta mübahisələrinin mediasiya ilə həlli necə həyata keçirilir? - MÜSAHİBƏ

Sığorta mübahisələrinin mediasiya ilə həlli necə həyata keçirilir? - MÜSAHİBƏ Sığorta məsələləri zamanı tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli qanunla müəyyən edilən mediasiya prosesində həll edilir.
Maliyyə
15 Sentyabr , 2021 16:57
Sığorta mübahisələrinin mediasiya ilə həlli necə həyata keçirilir? - MÜSAHİBƏ

Sığorta məsələləri zamanı tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli qanunla müəyyən edilən mediasiya prosesində həll edilir. Bu prosesi həyata keçirən şəxs isə mediator adlanır.

“Report” sığorta mübahisələrinin mediasiyası prosesi barədə sığorta eksperti, mediator İlkin İbrahimovla müsahibəni təqdim edir:

- Hansı sığorta mübahisələrinin mediasiya prosesi məcburidir?

- "Mediasiya haqqında" Qanunun 3.2- ci maddəsində göstərilmişdir ki, üç sahə üzrə ilkin mediasiya prosesi məcburi xarakter daşıyır. Bunlara ailə, əmək, kommersiya mübahisələri aiddir. Sığorta mübahisələri ilə bağlı ilkin mediasiya prosesi həm könüllü, həm də məcburi ola bilər.

- Hansı hallarda ilkin mediasiya sessiyası könüllü, hansı hallarda məcburi olur?

-Gəlin bunu daha sadə formada izah edək. Əgər vətəndaş (fiziki şəxs) sığorta şirkəti (hüquqi şəxsi) barədə yerli instansiya məhkəməsində iddia qaldırarsa, (bu əksinə də ola bilər, yəni sığorta şirkəti vətəndaş barədə yerli instansiya məhkəməsində iddia qaldıra bilər) o zaman, ümumiyyətlə, həm ilkin mediasiya sessiyası, həm də tam mediasiya sessiyası tərəflərin könüllü razılığı ilə baş tutmalıdır.

Sığorta mübahisəsinin hər iki tərəfi şirkətlərdirsə (hüquqi şəxs), o zaman bu mübahisə kommersiya mübahisəsi hesab edilir. Kommersiya mübahisəsi isə bildiyimiz kimi məcburi xarakter daşıyır. (Bu halda ilkin mediasiya sessiyası məcburidir)

- İlkin mediasiya sessiyası ilə tam mediasiya sessiyası nəyə əsasən fərqlənir?

- "Mediasiya haqqında" Qanuna istinad etdiyimiz kimi ilkin mediasiya sessiyası ailə, əmək və kommersiya mübahisələri üzrə məcburi xarakter daşıyır. Məhz bu sessiyadan sonra bu sessiya ilə bağlı arayış təqdim olunmaqla məhkəmə iddialara baxır. İlkin mediasiya sessiyasında əgər siz məhkəməyə getmirsinizsə, növbəti mərhələdə siz tam mediasiyaya könüllü müraciət edə bilərsiniz. Bir şərtlə ki, məhkəmədən fərqli tam mediasiyada tərəflərin bir-birlərinə güzəşt imkanları olsun. Bu isə tamamilə tərəflərin istəyindən asılıdır.

- Məcburi ilkin mediasiyada tərəflərin mediasiya üçün ödədikləri dövlət rüsumu məhkəməyə gedəcək vətəndaş üçün əlavə yük olurmu?

- Xeyr, olmur. "Mediasiya haqqında" Qanunun 3.4-cü maddəsi və "Dövlət rüsumu haqqında" Qanunun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunur.

Son xəbərlər

Orphus sistemi