"SaxoBank": ABŞ-ın TTP-dən çıxması dünya iqtisadiyyatına mənfi təsir göstərəcək

"SaxoBank": ABŞ-ın TTP-dən çıxması dünya iqtisadiyyatına mənfi təsir göstərəcək Kristofer Dembik: "Fond birjalarını kəskin azalma gözləyir"
Maliyyə
24 Noyabr , 2016 20:31
SaxoBank: ABŞ-ın TTP-dən çıxması dünya iqtisadiyyatına mənfi təsir göstərəcək

Bakı. 24 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rəsmi şəkildə işə başladığında ilk qərarı ABŞ-ın Trans-Sakit Okean Əməkdaşlıq (TTP) sazişindən çıxması olacağını açıqlayıb.

"Report"un "İnvesting.ru" saytına istinadən verdiyi xəbərə görə, Danimarkanın "SaxoBank" onlayn investisiya bankının Makrioiqtisadi təhlillər departamentinin rəhbəri Kristofer Dembik (Christofer Dembik) ABŞ-ın adı çəkilən sazişdən ayrılmasının qlobal iqtisadiyyata təsiri barədə danışıb. O, bunu qlobal iqtisadiyyat üçün atılacaq yanlış addım olaraq qiymətləndirib və dünya iqtisadiyyatı üçün ən pis ssenari adlandırıb.

K.Dembik ABŞ prezidentinin bu qərarının 5 əsas fəsadından danışıb. Bunlardan birincisi, dünya ticarətinin zəifləməsi və həmçinin qloballaşma prosesinin bitməsidir. Belə ki, qloballaşma II Dünya müharibəsindən sonra başlayıb və Çin, Braziliya kimi ölkələrdə orta sinifin yaranmasına səbəb olub.

İkincisi, böhrandan sonra bərpa oluna bilməyən dünya iqtisadiyyatının növbəti illərdə yenidən azalmasıdır. Onun sözlərinə görə, inkişaf etmiş ölkələr bir müddət 1-2% iqtisadi artım və yüksək işsizliyə öyrəşəcəklər.

Ücüncüsü, getdikcə regioanl ticarət anlaşmaları süquta uğrayacaq. Hətta, ABŞ-la Avropa İttifaqı (Aİ) arasında ticarət razılaşması ləğv olunacaq.

Dördüncüsü, proteksionizm geri qayıdacaq. Bu da öz növbəsində yeni ticari maneələrin və rəqabətcil devalvasiyaların yaranmasına gətirib çıxaracaq. K.Dembik qeyd edib ki, belə iqtisadi siyasət 1930-cu illərdə də tətbiq olunub və heç bir müsbət nəticə verməyib.

Beşincisi, ABŞ-ın TSƏ-dən ayrılması onun dünyadan təcrid olunmasına yol açacaq ki, nəticədə ABŞ-ın təsir dairəsi zəifləyəcək.

"SaxoBank" yeni iqtisadi siyasətin bir müddət sonra dünyanın fond birjalarını da çökdürəcəyini ehtimal etdiyini bildirib. Belə ki, şirkətlər bu vəziyyətdə daha az qazanacaq və onların mənfəəti ilə birlikdə səhmlərinin qiyməti düşəcək.  

Xatırladaq ki, Azad Ticarət Zonasının yaradılması barədə TTP sazişi 2015-ci ilin oktyabrın 5-də imzalanıb. Dünya iqtisadiyyatının 40 faizi və dünya ticarətinin 1/3 hissəsi Sakit okean ölkələrinin payına düşür.

Son xəbərlər

Orphus sistemi