S&P: “Azərbaycanın xarici mövqeyi iqtisadi inkişafa mənfi təsiri yumşaldacaq”

S&P: “Azərbaycanın xarici mövqeyi iqtisadi inkişafa mənfi təsiri yumşaldacaq” "2021-ci ildə güman edilən ikiqat profisitdən sonra 2022-ci ilində Azərbaycanın cari əməliyyatlarının profisiti ÜMD-in 10,8%-ni təşkil edəcək".
Maliyyə
22 Yanvar , 2022 14:03
S&P: “Azərbaycanın xarici mövqeyi iqtisadi inkişafa mənfi təsiri yumşaldacaq”

"2021-ci ildə güman edilən ikiqat profisitdən sonra 2022-ci ilində Azərbaycanın cari əməliyyatlarının profisiti ÜMD-in 10,8%-ni təşkil edəcək".

"Report" xəbər verir ki, bunu "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi bəyan edib. 

Qurumun mütəxəssislərinin qənaətinə görə, 2021-ci ilin nəticələrinə görə profisitin ÜMD-in 10,1%-ni təşkil edəcəyi gözlənilir. 2020-ci ildə isə 0,5%-lik defisit qeydə alınıb.

2023-cü ildə ÜMD-in 4,5%-i, 2024-cü ildə 0,2%-i səviyyəsində profisit gözlənilirsə, 2025-ci ildə bu nisbət 0,5% olacaq. 

“2022-ci ildə “Brent” markalı neftin 1 barelinin qiymətinin 75 ABŞ dolları səviyyəsində olacağı ilə bağlı proqnozumuza və neft hasilatının OPEC+ alyansının zəif ixtisarı şəraitində gündəlik orta hesabla 0,77 milyon barelədək 4%-lik artım proqnozuna əsaslanaraq, 2022-ci ildə cari əməliyyatlar hesabının ÜMD-in 10,8%-ni təşkil edəcəyini gözləyirik.

Cənub Qaz Dəhlizinin işə salınması və gələcək 3-4 il ərzində genişlənməsi Azərbaycanın xarici göstəricilərini dəstəkləyəcək. Lakin bizim proqnozlarımıza görə, ortamüddətli perspektivdə bu, neft hasilatının azalması ilə kompensasiya olunacaq. Bununla yanaşı daxili istehlakın bərpası və azad edilmiş ərazilərin bərpası ilə bağlı hökumətin planlaşdırılan tədbirlərinin görülməsi fonunda idxal bərpa olunur. Bundan başqa, güman edirik ki, 2024-cü ildə neftin qiyməti 55 ABŞ dollarına qədər azalacaq və növbəti illərdə həmin səviyyədə qalacaq”, - məlumatda deyilir.

S&P agentliyinin analitiklərinin fikrincə, Azərbaycanın xarici aktivlər üzrə güclü mövqeyi Dövlət Neft Fondunda toplanan xarici aktivlərin böyük həcmi ilə dəstəklənən reytinqin əsas gücü olmaqda davam edəcək.

“Bizim qiymətləndirmələrimizə görə, xarici likvid aktivlər 2025-ci ilə qədər xarici borcu üstələyəcək. Azərbaycanın qlobal iqtisadi şərtlərin potensial volatiliyindən asılı olmaqda davam edəcəyinə baxmayaraq, onun xalis xarici aktivlər üzrə güclü mövqeyi iqtisadi dövrlərin iqtisadi inkişafa mənfi təsirini yumşaldacaq bufer rolunu oynayacaq”, - agentliyin məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi