Rusiyada dolların ucuzlaşması il yarımlıq rekord vurub

Rusiyada dolların ucuzlaşması il yarımlıq rekord vurub RUB/USD nisbəti 50-yə bərabər ola bilər
Maliyyə
6 Fevral , 2017 14:36
Rusiyada dolların ucuzlaşması il yarımlıq rekord vurub

Bakı. 6 fevral. REPORT.AZ/ Rusiyada ABŞ dollarının məzənnəsi son 18 ayda ən aşağı səviyyəyə düşüb. 

"Report" xəbər verir ki, bu gün RUB/USD nisbəti 58,6-ya bərabər olub ki, bu da Rusiyada qeydə alınmış tarixi rekord göstəricidən 32% aşağıdır. 

Xatırladaq ki, ötən həftə bu ölkənin Maliyyə Nazirliyi və Mərkəzi Bankı Amerika valyutasının izafi ucuzlaşmasının qarşısını almaq üçün bazardan dollar alınmasına qərar verib. Qərara əsasən, bu gündən başlayaraq martın 7-dək daxili bazardan 113,1 mlrd. rubl (1,93 mlrd. dollar) çıxarılmalıdır. Bununla belə, dolların ucuzlaşmasının qarşısını almaq mümkün olmayıb. Baxmayaraq ki, analitiklər maliyyə orqanlarının qərarından sonra dolların 10% bahalaşacağını ehtimal edirdilər. 

"Report"un analitik qrupu hesab edir ki, dolların ucuzlaşmasına səbəb Rusiyaya axan xarici kapitaldır. Belə ki, "Emerging Portfolio Fund Research" (EPFR) - inkişaf etməkdə olan ölkələrə yatırım araşdırmaları təşkilatının hesabatına görə, 25 yanvar-1 fevral tarixlərində Rusiyaya rekord həcmdə 140 mln. ABŞ dolları kapital daxil olub. Ümumilikdə isə artıq 12-ci həftədir ki, Rusiya bazarına vəsait daxil olmaqda davam edir. Əgər bu pullar valyuta bazarından çıxarılmasa RUB/USD nisbətinin 50-yə qədər azalması mümkündür. 

Son xəbərlər

Orphus sistemi