Rusiya-Ukrayna müharibəsinin sığorta bazarına təsirləri nə ola bilər?

Rusiya-Ukrayna müharibəsinin sığorta bazarına təsirləri nə ola bilər? "Rusiyaya qarşı tətbiq edilən sanksiyalar təkcə bu ölkənin sığorta bazarına deyil, həm də qlobal sığorta bazarına təsir edəcək, sığorta haqlarının məbləğində azalmalara, biznesin kiçilməsinə, eləcə də, yaranmış zərərlərin ödənilməsi üçün mülki iddiaların
Maliyyə
123
22 Mart , 2022 15:28
Rusiya-Ukrayna müharibəsinin sığorta bazarına təsirləri nə ola bilər?

"Rusiyaya qarşı tətbiq edilən sanksiyalar təkcə bu ölkənin sığorta bazarına deyil, həm də qlobal sığorta bazarına təsir edəcək, sığorta haqlarının məbləğində azalmalara, biznesin kiçilməsinə, eləcə də, yaranmış zərərlərin ödənilməsi üçün mülki iddiaların artmasına səbəb olacaq".

Bunu “Report”a açıqlamasında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərindən birinin İdarə Heyətinin sədri Uğur İbrahimli deyib.

"Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsindən sonra ABŞ, Böyük Britaniya, Avropa İttifaqı (Aİ) ölkələri və digər ölkələrin Rusiya şirkətlərinə, eləcə də, bəzi fiziki şəxslərə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların bir qismi birbaşa olaraq Rusiyanın sığorta şirkətlərinin qlobal sığorta bazarına girişinin bloklaşdırılmasını və digər məhdudiyyətləri nəzərdə tutur. Ehtimal etmək olar ki, ən böyük zərbə aviasiya və kosmik risklərin sığortalanması biznesinə dəyəcək. Belə ki, Böyük Britaniya və Aİ açıq şəkildə elan ediblər ki, Rusiyanın sığorta şirkətlərinə bu bizneslər üzrə təkrarsığorta təminatı təqdim etməyəcəklər. Bundan əlavə, dəniz risklərinin (marine), ixracat kreditlərinin (trade credit) və siyasi risklərin (political risks) təkrar sığortalanması da birbaşa olaraq məhdudlaşdırıla bilər.

Aviasiya risklərinin təkrarsığortası üzrə dünya lideri olan London sığorta bazarının ən böyük narahatlığından biri beynəlxalq sanksiyaların tətbiqindən və bir çox ölkələrin Rusiya üçün hava məkanın bağlamasından sonra Rusiya ərazisində ilişib qalan 500-dən çox təyyarəni yerli hökümətin milliləşdirməsi qərarı ilə bağlıdır. Rusiya Dumasının təcili qəbul etdiyi yeni qanuna əsasən “milli nəqliyyat sisteminin stabil fəaliyyətini təmin etmək” məqsədi ilə ölkə daxilində olan xarici nəqliyyat vasitələrinin sertifikatlaşdırılmasına və qeydiyyatına icazə verilir. Böyük ehtimal bu qanunla Rusiya ölkədən çıxa bilməyən xarici ölkələrə məxsus təyyarələrin milliləşdirilməsini həyata keçirəcək və daxili marşrutlar üçün uçuşlarda istifadə edəcək. Bəzi mənbələrə əsasən Rusiya ərazisində təxminən 10 milyard dollar dəyərində 515 təyyarənin olduğu bildirilir”, - deyə o, qeyd edib.

U.İbrahimli sanksiyaların tətbiq edilməsi ilə bərabər Avropanın nəhəng sığorta konsernlərinin də Rusiyanın sığorta bazarından çıxacaqlarını artıq elan etdiyini vurğulayıb: “Almanyanın "Allianz" şirkəti Rusiyadakı biznesini minimuma endirəcəyini və bundan sonra Rusiya və Belarusda kapital qoyuluşları etməyəcəyini bildirib. İsveçrənin “Zurich Insurance” şirkəti də Rusiyada fəaliyyətini dayandırdığını elan edib. Dünyanın ən böyük təkrarsığorta şirkətlərindən olan “Swiss Re” isə Rusiya və Belarusdan təkrarsığortaya biznes qəbul etməyəcəyini, mövcud müqavilələrin isə yenilənməyəcəyini elan edib. Eyni yanaşmanı digər alman təkrarsığorta nəhəngi “Hannover Re” də tətbiq edəcək.

Dünyanın top üçlüyündə yer alan beynəlxalq broker şirkətləri “Marsh”, AON və “Willis Towers Watson” da Rusiya bazarından çıxmaq qərarı veriblər. Rusiyanın “İnqosstrax” şirkətində 38 % paya sahib olan İtalyan konserni “Generali” də Direktorlar Şurasını tərk edib, Moskva ofislərini bağlayaraq Rusiyada fəaliyyətini dayandırıb”.

Ekspert hesab edir ki, Rusiyanın sığorta şirkətlərinin beynəlxalq təkrarsığorta bazarlarına girişinin məhdudlaşması rus şirkətlərinə, eləcə də bizneslərə ciddi təsir edəcək: “Nəzərə alsaq ki, aviasiya, kosmik, dəniz, eləcə də energetik və digər iri risklərin təkrarsığortası üzrə dünyanın əsas mərkəzi məhz Avropa sığorta bazarıdır (Lloyds və s.), rus şirkətləri təkrarsığorta təminatı tapmaqda ciddi çətinliklərlə rastlaşacaqlar. Problemin həlli sanksiyalara qoşulmayan və Rusiya ilə əməkdaşlığa üstünlük verən digər təkrarsığorta bazarlarında partnyorlar tapmaq və Rusiyanın dövlət təkrarsığorta şirkəti olan “Rusiya Milli Təkrarsığorta Şirkəti”-nin (Российская Национальная Перестраховочная Компания) inkişaf etdirilməsi ola bilər”.

U.İbrahimli hazırda Ukraynanın sığorta bazarında baş verənlərə də toxunub: “Rusiya-Ukrayna müharibəsinin əsas tərəfi olan Ukraynanın bütün ərazisi hal-hazırda “müharibə ərazisi” hesab edilir. Sığorta münasibətlərində isə bir qayda olaraq bütün sığorta müqavilələrində “müharibə” riski sığorta təminatından istisna edilir. Başqa sözlə desək, qüvvədə olan müqavilələr müddətin bitmə tarixinə qədər davam edəcək, lakin təminat çox məhdud olacaq və müharibə ilə əlaqədar birbaşa və ya dolayı yolla yaranmış zərərlər sığorta təminatına daxil edilməyəcək. Ölkədə mövcud olan müharibə şəraitini nəzərə alaraq xarici sığorta və təkrarsığorta şirkətləri də Ukraynada olan müqavilələrini yeniləməyə və yaxud yeni risk cəlb etməyə maraqlı olmayacaqlar. Nəticədə Ukraynada zərərləri sığorta şirkətlərinin qarşılamasında, eləcə də riskləri sığortalamasında və təkrarsığortalamasında ciddi problemlər yaranacaq”.

Son xəbərlər

Orphus sistemi