Rəqəmsal manatın tətbiqi dövlət vəsaitlərinin xərclənməsinə nəzarəti asanlaşdıracaq

Rəqəmsal manatın tətbiqi dövlət vəsaitlərinin xərclənməsinə nəzarəti asanlaşdıracaq Azərbaycanın Mərkəzi Bankı da rəqəmsal manatın yaradılması istiqamətində analiz və tədqiqatların aparıldığını bəyan etdi
Maliyyə
23 Avqust , 2021 13:55
Rəqəmsal manatın tətbiqi dövlət vəsaitlərinin xərclənməsinə nəzarəti asanlaşdıracaq

Dünyanın aparıcı ölkələri milli valyutaların elektron analoqu olan rəqəmsal pulların yaradılması üzərində iş aparırlar və ya artıq test edirlər. Çin 2014-cü ildən rəqəmsal yuanın yaradılmasına başlayıb. Ötən dövr ərzində onun konsepsiyası hazırlanıb və sistemi dəfərlə test edilib. Bu il ABŞ-da rəqəmsal dolların 5 pilot layihəsi reallaşdırılacaq. Ötən ilin oktyabr ayında Rusiya Bankı rəqəmsal rublun konsepsiyasını təqdim etdi. Avropa Mərkəzi Bankı 2020-ci ildə rəqəmsal avronun tətbiqinin müsbət və mənfi cəhətlətini analiz etməyə başladı. Bu ilin aprelində isə Azərbaycanın Mərkəzi Bankı da rəqəmsal manatın yaradılması istiqamətində analiz və tədqiqatların aparıldığını bəyan etdi. Tənzimləyici təhlil işi tamamlandıqdan sonra ictimayyətə məlumat veriləcəyini deyib. Bəs bu gün rəqəmsal manatın yaradılması nə dərəcədə zəruridi? O, nəyə lazımdır və tətbiqinin hansı iqtisadi nəticələri olacaq?

Bu barədə “Report”a açıqlama verən yerli banklarad birini İT deriktoru Emil Mehdiyev bildirib ki, malik olduğu üstünlüklərdən dolayı rəqəmsal valyutanın tətbiqi rəqəmsal iqtisadiyyatın inkişafına böyük təkan verəcək:

“Bu gün dünyanın heç bir ölkəsində rəqəmsal valyutanın tətbiq olunması üçün zərurət yoxdur. Lakin bu o demək deyil ki, bu məsələni təxirə salmaq lazımdır. Onun tətbiqi malik olduğu üstünlüklərdən dolayı rəqəmsal iqtisadiyyatın inkişafına böyük təkan verəcək. Belə ki, rəqəmsal valyuta özündə təkcə nağd və nağdsız pulların üstünlüklərini ehtiva etmir. O, həm də bir sıra digər xüsusiyyətlərə malikdir. Rəqəmsal valyutanın hər bir vahidi unikal identifikatora malik olduğu üçün, konkret vəsaitlərin hərəkətini izləmək imkanı yaranır. Bu, dövlət vəsaitlərinin xərclənməsinə nəzarəti əhəmiyyətli dərəcədə asanlaşdıracaq. Eyni zamanda rəqəmsal valyuta “smart” müqavilələrin tətbiqinə imkan verəcək. Bu bir tərəfdən ödənişlərin həyata keçirilməsində vasitəçilərin sayını azaltmağa, digər tərəfdən isə ticarət müəssisələri arasında müqavilələrin imzalanmasını əhəmiyyətli dərəcədə sürətləndirəcək. Bu zaman müvafiq ödənişli əqdin bağlanma müddəti bir neçə gündən bir neçə dəqiqəyə kimi azalacaq”, - Emil Mehdiyev bildirib.

Kiber-təhlükəsizlik məsələlərinə toxunan ekspert, rəqəmsal valyutanın tətbiqinin bankların xərclərini əhmiyyətli dərəcədə artırmayacağını bildirib: “ Rəqəmsal valyuta tətbiq edilərkən kiber-təhlükəsizlik məsələlərinə mühüm əhəmiyyət veriləcək. Baxmayaraq ki, banklar ildən-ilə rəqəmsal həllərin təhlükəsizlik səviyyəsinin saxlanılması üçün daha çox pul xərcləyir, rəqəmsal valyutanın tətbiqinin onların xərclərini əhəmiyyətli dərəcədə artıracağını düşünmürəm. Rəqəmsal valyutalar mərkəzi banklar tərəfindən tətbiq olunduğuna görə artıq qorunmuş olacaqlar. Banklar isə müştərilərin rəqəmsal vayuta olan elektron cüzdanlarından istifadənin təhlükəsziliyini təmin edəcəklər.

Ekspert hesab edir ki, rəqəmsal valyutanın yaradılması prosesində təkcə banklar deyil, digər tərəflər də aktiv rol oynamalıdır: “Rəqəmsal valyutanın tam işləməsi üçün müvafiq infrastruktur lazımdır. Bu baxımdan onun tətbiqində telekommunikasiya operatorları, müəssisələri, istifadəçilərin seçilmiş qrupları ilə konsultasiya aparılması xeyirli olardı”.

Son xəbərlər

Orphus sistemi