"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5 Əsas diqqət ABŞ-ın yeni rüblük ÜDM göstəricisində olacaq
Maliyyə
18 Dekabr , 2017 10:59
Report: Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

Bakı. 18 dekabr. REPORT.AZ/ Qlobal maliyyə bazarı üçün 18-22 dekabr həftəsinin ən vacib qlobal iqtisadi xəbərləri ABŞ, Yaponiya, Böyük Britaniya, Almaniya və Kanadada açıqlanacaq.

"Report"un analitik qrupu həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbəri müəyyənləşdirib:

1) Dekabrın 21-də Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da III rübün iqtisadi artım göstəricisinin son variantı açıqlanacaq. Analitiklərin fikrincə, ÜDM-in artımında əvvəlki göstərici ilə müqayisədə dəyişiklik gözlənilmir və artımın 3,3% olacağı bildirilir. Həmçinin, həftə ərzində ABŞ-da fiziki şəxslərin gəlir və xərcləri, şəxsi istehlak xərclərinin baza indeksi, yeni inşa edilən evlkərin satışı, inşaat lisenziyalarının sayı kimi önəmli göstəricilər açıqlanacaq;

2) Dekabrın 21-də Yaponiya Mərkəzi Bankı (BoJ) uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Analitiklər BoJ-dan dəyişiklik gözləmirlər. Əsas diqqət iclasdan sonra BoJ rəhbəri Xaruixiko Kurodanın mətbuat konfransında olacaq. Burada BoJ-un monetar stimullaşdırma proqramını azaltmağa başlayacağı tarix vacib amillərdən biridir;

3) Dekabrın 20-də Bakı vaxtı ilə saat 13:30-da Böyük Britaniyanın Statistika İdarəsi (ONS) III rüb üzrə ÜDM-in artım göstəricisinin son variantını açıqlayacaq. Analitiklər III rübdə göstəricinin əvvəlki səviyyədə (0,4%) qalacağını proqnozlaşdırırlar;

4) Dekabrın 19-da Bakı vaxtı ilə saat 13:00-da IFO araşdırma institutu Almaniyada dekabr ayı üzrə işgüzar inam indeksini açıqlayacaq. Analitiklər bu göstəricinin 117,6 bəndə yüksələrək tarixi rekord həddə çatacağını ehtimal edirlər. Həmçinin, bu gün Avrozonada noyabr ayının inflyasiya göstəricisinin açıqlanması gözlənilir (proqnoz - 1,5%);

5) Dekabrın 22-də Bakı vaxtı ilə saat 17:30-da Kanadada oktyabr ayının ÜDM göstəricisi açıqlanacaq. Analitiklər göstəricinin 0,2% olmasını ehtimal edirlər. Bununla yanaşı, pərakəndə satış və inflyasiya göstəricilərinin açıqlanması gözlənilir.

Son xəbərlər

Orphus sistemi