Bakı. 5 mart. REPORT.AZ/ Qlobal maliyyə bazarları üçün 5-11 mart həftəsinin ən vacib iqtisadi xəbərlərini avrozona, Yaponiya, ABŞ, Böyük Britaniya və Çin açıqlayacaq.
"Report"un analitik qrupu həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbərini müəyyənləşdirib:
1) Martın 8-də Bakı vaxtı ilə saat 16:45-də Avropa Mərkəzi Bankının (ECB) 2018-ci il üçün 2-ci monetar siyasət iclası keçiriləcək. ECB-nin uçot dərəcəsini dəyişdirməsi gözlənilmir. Qərardan 45 dəqiqə sonra qurumun rəhbəri Mario Draqi mətbuat konfransı keçirəcək. İnvestorlar üçün Draqinin inflyasiyanı necə qiymətləndirməsi və monetar stimullaşdırmanı nə vaxt dayanadıracağı önəm daşıyacaq;
2) Martın 9-da Yaponiya Mərkəzi Bankı (BOJ), 2 günlük monetar siyasət iclasının nəticələrini açıqlayacaq. Analitiklər, BOJ-un da qərarında heç bir dəyişiklik gözləmir. İnvestorlar, son günlərdə dollarla müqayisədə möhkəmlənən yapon yeninin məzənnəsi ilə bağlı qurumun rəhbəri Xaruxiko Kurodanın açqılamalarını izləyəcək;
3) Həftə ərzində ABŞ-da önəmli iqtisadi göstəricilərin açıqlanması gözlənilir. Martın 9-da fevral ayı qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi açıqlanacaq. Analitiklər iş yerlərinin 204 min ədəd artmasını gözləyirlər. Yanvar ayında bu göstərici 200 min təşkil edib. Bununla yanaşı, ABŞ-da işsizlik səviyyəsinin son 17 ilin minimal həddi olan 4%-ə düşməsi ehtimal edilir. Həmçinin əsas diqqət ABŞ-da saat başına əmək haqlarının artım tempinə yönələcək. Artımın yanvar ayı ilə eyni 0,3% olması proqnozlaşdırılır. İllik müqayisədə isə artımın 2,8% təşkil edəcəyi gözlənilir. Əmək haqqlarında artım inflyasiyanın sürətlənməsinin siqnalları kimi qəbul ediləcək;
4) Martın 5-də Böyük Britaniyada fevral ayı üzrə aparıcı xidmət sektorunun hesabatı açıqlanacaq. PMI indeksinin bir qədər artaraq 53,5 bəndə yüksəlməsi gözlənilir. Həmçinin Baş nazir Tereza Meyin Breksitdən sonra Avropa İtttıfaqı ilə əlaqələrlə bağlı açıqlamaları izlənəcək;
5) Martın 6-da Çinin fevral ayı üzrə ticarət balansı açıqlanacaq. Proqnozlara görə, ixracın 13,9%, idxalın 11,1% artması gözlənilir. Martın 9-da isə Çində inflyasiya və istehsal qiymətləri indeksi açıqlanacaq. Bu gün isə Çində 2 həftəlik Ümumçin xalq nümayəndələri iclası başlayır.