"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5 Martın 30-da dünyanın bir sıra ölkələrində iş olmayacaq
Maliyyə
26 Mart , 2018 10:22
Report: Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

Bakı. 26 mart. REPORT.AZ/ Qlobal maliyyə bazarları üçün 26-31 mart həftəsinin ən vacib iqtisadi xəbərlərini ABŞ, Böyük Britaniya, avrozona, Kanada və Yaponiya açıqlayacaq.

"Report"un analitik qrupu həftənin bazara təsir edə biləcək ən vacib 5 iqtisadi xəbərini müəyyənləşdirib:

1) Martın 26-da ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Nyu-York bölməsinin rəhbəri Uilyam Dadli (William Dudley) və Klivlend bölməsinin rəhbəri Loretta Mesterin çıxışları olacaq. İnvestorlar bu iki çıxışı təhlil edərək FED-in atacağı addımlar barədə yeni proqnozlar verməyə çalışacaq. Martın 27-də ABŞ-da istehlakçı inamı indeksi, martın 28-də isə 2017-ci ilin IV rübünün yekunu üzrə Ümumi Daxili Məhsul (ÜDM) göstəricisi açıqlanacaq. Analitiklər sonuncu göstəricinin ilkin variantdakı 2,5%-dən 2,6%-ə yüksələcəyini ehtimal edirlər. Bu gün həmçinin ABŞ-ın neft ehtiyatlarının və hasilatının həcmi açıqlanacaq;

2) Martın 29-da Bakı vaxtı ilə saat 12:30-da Böyük Britaniyada 2017-ci ilin IV rübünün ÜDM göstəricisi açıqlanacaq. Analitiklərin proqnozlarına görə, rüblük artım 0,4%, illik artım isə 1,4% təşkil edəcək və ingilis funt sterlinqinin məzənnəsində ciddi dəyişiklik olmayacaq;

3) Martın 29-da Almaniyada işsizlik göstəricisi açıqlanacaq. Bu göstəricinin 0,1 faiz bəndi azalaraq 5,3%-ə düşməsi gözlənilir;

4) Martın 29-da Kanadada yanvar ayı üzrə aylıq və illik ÜDM göstəricisi açıqlanacaq;

5) Martın 30-da Yaponiyada sənaye istehsalının həcmi, inflyasiya və işsizlik göstəriciləri açıqlanacaq. 

Xatırladaq ki, martın 30-da bir sıra ölkələrdə keçirilən "ehtirasli cümə" bayramı ilə əlaqədar ABŞ, Avstraliya, Kanada, Fransa, Honq-Konq, İtaliya, Yeni Zelandiya, Sinqapur, İspaniya, İsveçrə, Böyük Britaniya və Almaniyada iş günü olmayacaq. 

Son xəbərlər

Orphus sistemi